AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTU VƏ REGİONLARIN İNKİŞAFI İCTİMAİ BİRLİYİNİN BİRGƏ LAYİHƏSİ
AZ EN RU
Video
  2003
Video
  2008-2009
2006
2009
İyul - Avqust 2013

Ekspedisiya Şəmkir şəhər yerində IV qazıntı sahəsində tədqiqatları davam etdirib. Bu qazıntı sahəsi 4 metr zolaq şəklində genişləndirilmişdir. Yeni kvadratlarda üst, XIX əsrə aid edilən üst mədəni təbəqənin qalınlığı 40 - 60 sm təşkil edir. Amma, 16K və 16J kvadratlarında bu təbəqənin qalınlığı 1 metrə çatır.

16K kvadratında yer sətindən 20 sm dərinlikdə bişmiş kərpiclərdən hörülmüş tikinti qalığı aşkarlanıb. Bu tikinti qalığından şərqdə çürüntülü torpaq qeydə alındı və buradan darboğazlı bardaq, təsərrüfat küpü, üzərində 32 rəqəmi olan metal düymə və Rusiyada zərb olunmuş sikkə tapıldı.

Bu təbəqənin cənub kənarında orta əsr çiy kərpic divarda basdırılmış ağac dirəklərin qalıqları aşkarlandı. Onların diametri 18 sm, aralarındakı məsafə 70 sm idi.

XIX əsrə aid ağac dirəklərin qalıqları həmçinin 10J və 11J kvadratlarında qeydə alınıb. 12J kvadratında, monumental binanın qərb divarının qalıqları üzərində bişmiş kərpicdən qurulmuş və səkkizkünclü formaya malik ocaq aşkarlanıb. 13J kvadratında isə XIX əsrə aid kanalizasiya qurğusunun qalığı aşkarlanıb. 14J kvadratında monumental binanın qərb divarının çiy kərpic hörgüsündə planda oval formalı quyu qazılmışdı. Onun diametri 1,15 -1,25 m, dərinliyi 1,1 m idi.

Orta əsr mədəni təbəqəsinin tədqiqi şəhər memarlığına aid qiymətli faktik materiallarla diqqətəlayiqdir. Monumental binanın qərb divarının tədqiqi davam etdirilib. Bu binanın şimal-qərb bürcünün qalıqları aşkarlanaraq öyrənilməsinə başlanılıb. Monumental binanın həyətindəki arakəsmə divarın tədqiqi davam edib. 7 saylı sütunun bu divara bitişdiyi müəyyənləşdirilib. Uzunluğu 18,9 m olan bu divar, görünür, taölı açırımla tamamlanıb.Açırımın eni isə 3,53 m təşkil edir. Düzbucaq biçimli, 5,85m uzunluqda, 4,22 m enində olan 7 saylı otağın tədqiqi davam etməkdədir. Otağın qapı açırımı şimal divarın şərq tərəfindədir. Otağın divarlarının əyriliyi dam örtüyünün tağlı olduğunu ehtimal etməyə əsas verir.

Monumental binanın qərb divarından qərbdə, 12Q və 12K kvadratlarında təndirxana qalıqları aşkarlanıb və burada beş təndir cəmləşmişdi. Onlardan biri kiçik, digərləri böyük olub çörək bişirmək üçün idi. Digər təndirxana 10J və 11J kvadratlarında yerləşirdi və burada çörək bişirilən altı təndir qalığı qeydə alınıb.

Bişmiş kərpicdən kirəc məhlulu ilə hörülmüş pilləkən qalıqları böyük maraq doğurur. Onun eni 3 metrdir. Pilləkən qalıqları 3,26 m dərinlikdə qeydə alınıb. Onun üzərində bişmiş kərpic parçaları, fraqmentləri, şirli kirəmit fraqmentləri, kirəc ovuntusu qatları ilə zəngin, qalınlığı 1,5 m olan inşaat zibilləri təbəqəsi yerləşirdi. Pilləkən ilə monumental binanın qərb divarının arasında, 4,1 m dərinlikdə şirsiz saxsı qablar istehsal olunduğu dulus kürəsinin qalıqları aşkarlanıb.

Tapıntılar şirsiz və şirli saxsı qablardan, inşaat keramikasından, məişətdə işlədilən dəmir məmulatından, müxtəlif xarakterli daş məmulatından, şüşə qab nümunələrindən, bəzək əşyalarından və mis sikkələrdən ibarətdir.

Konservasiya işləri narınqalanın cənub divarında aparılır.