AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTU VƏ REGİONLARIN İNKİŞAFI İCTİMAİ BİRLİYİNİN BİRGƏ LAYİHƏSİ
AZ EN RU
Video
  2003
Video
  2008-2009
2006
2009
2013-cü ildə Şəmkir şəhər yerində aparılan arxeoloji qazıntıların əsas yekunları

Şəmkir arxeoloji ekspedisiyası növbəti, 2013-cü il çöl-tədqiqat mövsümündə Şəmkir şəhər yerində arxeoloji qazıntılar aparmışdır. Qazıntılar Narınqalada, IV qazıntı sahəsində, qismən Narınqaladan şimalda, bayırşəhərdə V qazıntı sahəsində aparılıb.
V qazıntı sahəsində aparılan qazıntıların məqsədi şəhər divarına birləşən tağlı-açırımlı tikilidən cənub-şərqə uzanan, çaydaşından hörülmüş divarın xarakterini müəyyənləşdirmək idi. Bu səbəbdən V qazıntı sahəsinin cənub tərəfi şərqə doğru genişləndirildi. Qazıntı nəticəsində tağlı-açırımlı tikilidən cənub-şərqə uzanan, çaydaşından hörülmüş divarın davamı 12 m məsafədə üzə çıxarıldı.

Yamacı bərkitmək təyinatına malik olmuşdur. Onun hündürlüyü relyefə uygun cənub-şərqə doğru azalır. Əgər başlangıcda hündürlük 2,6 m təşkil edirdisə, cənub-şərqdə divarın hündürlüyü 60 sm idi. Bu divardan 3,9 m aralı biri-digərindən 2,9-2,95 m aralı olmaqla bişmiş kərpicdən hörülmüş dörd sütun qalığı aşkarlanıb.

V qazıntı sahəsindən tapıntılar çoxsaylı olmayıb, əsasən saxsı qab qırıqlarından, ox ucluğundan, əqiq muncuqlardan və “xaçdaş” fraqmentindən ibarətdir.
Keçən olduğu kimi bu ildə qazıntı işləri əsasən Narınqalada, IV qazıntı sahəsində aparılmışdır. Qarşıya qoyulan məqsəd Narınqalanın şimal və qərb divarlarını içəri tərəfdən hərtərəfli tədqiq etmək, Narınqalada 2008-ci ildən tədqiq olunan monumental binanın qərb divarını aşkarlamaq, bununla da onun sərhədləri haqqında dəqiq təsəvvür əldə etmək, bu binanın otaqlarının tədqiqinin davam etdirməkdən ibarət idi.
Narınqalanın içərisində, IV qazıntı sahəsində geniş arxeoloji tədqiqatlar aparılıb. İstehkam qalıqlarının Narınqalanın içərisində tədqiqi davam etdirilib. Nəticədə Narınqalanın şimal, qismən də qərb divarı içəri tərəfdən bünövrəyədək tam açılaraq tədqiq olunmuş, bu istehkam tikilisi daha dərindən öyrənilmişdir.
Narınqalanın şimal-qərbində qala divarlarının hündürlüyü bünövrədən 5,8-6 m təşkil edir. Hörgünün aşağı cərgələri 90 sm hündürlükdə ağ daşdan-“zəyəmdaşı”ndan hörülüb. Daha sonra hörgü çaydaşı, bişmiş kərpic və ağ daşlardan qarışıq üslubda hörülüb və polixrom səth yaradır. Qeyd etmək lazımdır ki, şimal və qərb divarlarının bitişdiyi narınqalanın şimal-qərb küncü ağ daş bloklarla hörülüb.

Monumental binanın tədqiqi də maraqlı nəticələrlə əlamətdar olmuş, onun qərb divarı aşkarlanmış, cənub divarının qərb tərəfi və mərkəzi bürcü üzə çıxarılmış, binanın daxili həyətinin qərbindəki arakəsmə divarın tədqiqinin davam etdirilmiş, 7saylı otaq təmizlənmişdir. Arakəsmə divarın uzunluğu 18,9 vtnrə çatır, divar qalıqlarının hündürlüyü isə 3,4 m təşkil edir. O cənubda eni 3,53 m olan tağlı açırımla tamamlanmışdır. Tağlı açırımın olduğu ərazidə XI əsrin əvvəllərində burada güclü yanğın olduğunu sübut edən qalın kül, kömür qatı qeydə alınmışdır və bu qat zəngin tapıntıları ilə fərqlənmişdir.

Monumental binanın cənub divarının mərkəzi bürcü qismən XIX əsr binasının altında qalıb. Yalnız bürcün daş hörgüsü salamat qalıb. Bütövlükdə, cənub divarın çiy kərpic hörgüsü monumental binanın digər divarlarının çiy kərpic hörgüsü ilə müqayisədə daha çox dağılıb.

Monumental binanın qərb divarının çiy kərpic hörgüsü də XIX əsrdə qismən dağıntıya mətuz qalıb. Belə ki, 14J kvadratında divarın ciy kərpic hörgüsündə dərinliyi 1,1 m, diametri 1,15-1,25 m olan quyu qazılıb. Oxşar quyu 8J və7J kvadratlarının qovşağında qazılıb. Onun diametri 1,8 m idi. 12J kvadratında isə divarın ciy kərpic hörgüsünün üstündə bişmiş kərpiclərdən XIX əsrdə qurulmuş ocağ aşkarlanıb..
Monumental binanın 7 saylı otağının tədqiqinin nəticələri də diqqətəlayiqdir. O planda düzbucaq biçimli olub 5,85m x 4,22 m ölçülərdədir. Otağın qapı açırımı şimal divarın şərq tərəfindədir. Otağın divarlarının əyriliyi dam örtüyünün tağ-tavanlı olduğunu ehtimal etməyə əsas verir. Otağın şimal-qərb küncündə 5 küpün üzə çıxarılıb, onlardan ikisi tam salamat, digərlərində çatlar və qırıqlar var idi.

Orta əsr mədəni təbəqəsinin alt, IX-X əsrlərin inşaat qatında məişət tikililərinin qalıqları üzə çıxarılıb. Onlar oval və ya dördbucaqlı biçimdədir. Onların ağ daş, bişmiş kərpic və çaydaşı ilə səliqəsiz hörülmüş divarları vardır. Hörgüdə orta əsrlər üçün səciyyəvi olan 22x22x5 sm, 23x23x5,5sm, 24x24x6sm ölçülərdə bişmiş kərpiclərlə yanaşı, ilk orta əsrlər üçün səciyyəvi olan 45x45x7 sm, 45,5x46x7sm, 45x45x6sm olçülərdə böyük kərpiclər də işlənilmişdir. Tikililərin içərisində təndir və oçaq qalıqları üzə çıxarılıb. Tikililərin sahəsi çaydaşı, bişmiş kərpiclə döşənib.

IV qazıntı sahəsinin şimal-qərb sektorunda yerləşən XI-XII əsrlərə aid arxeoloji kompleks də böyük maraq doğurur. Ensiz, cənub-şimal istiqamətli, kirəcli məhlulla suvanmış küçə boyunca bişmiş kərpicdən hörülmüş tikinti qalıqları yerləşir. Narınqalanın şimal divarına birləşən cənub-şimal istiqamətli diqqəti çəkir. Onun qalınlığı1,3-1,4 v olub, şimalda, 4,4 m məsafədə enliləşir və qalığı 2 m çatır. Həmin divara 12R kvadratında çaydaşından hörülmüş 1,3 m qalınlıqda köndələn, arakəsmə divar birləşir. Bu kompleksdə bişmiş kərpicdən hörülmüş 98 х 98 sm ölçüdə sütunların qalıqları üzə çıxarılıb. Sütunlar güclü dağıntıya məruz qalmaşdır. Hörgünün 3 cərgəsi salamat qalıb.

10M və 10N kvadratlarında yerləşən, XI-XII əsrlərə aid zirzəmili bina qalıqları da maraqlı tikinti qalıqlarındandır. Onun alt qatı, zirzəmisi torpaqda 2 m hündürlüyədək çay daşları ilə kirəcli yapışdırıcı məhlulla inşa olunub Binanın divarlarının yuxarı, yerüstü hörgüsü Arran memerlıq məktəbinə xas üslubda bəzəkli işlənmişdir.
Monumental binadan qərbdə, 12Q və 12K kvadratlarında beş təndirin cəmləşdiyi təndirxana qalıqları üzə çıxarılıb. Təndirlərdən biri kiçik, dördü isə böyük idi və çörək bişirilməsi üçün nəzərdə tutulmuşdu.
XII əsrə aid, bişmiş kərpicdən kirəcli məhlulla inşa olunmuş möhtəşəm pilləkənin qalıqları da maraqlı mülki tikinti qalıqlarındandır. Onun eni 3 m olub, kənarlarında sürahi vardı. Pilləkən 3,26 m dərinlikdə aşkarlanmış, 7,1 m dərinliyə qədər onun tədqiqi aparılmışdır.

Narınqalanın şimal-qərb sektorunda orta əsr mədəni təbəqəsinin üst inşaat qatında şərqdən qapısı olan dördbucaq biçimli tikinti qalıqları tədqiq olunub. Həmin tikili narınqalanın şimal və qərb divarlarına birləşdirildiyin həmin tikilinin müvafiq divarlarının hörülməsinə ehtiyac qalmamışdır. Bu tikintinin cənub və qərb divarlarının bünövrəsi çaydaşından olub divarlarının inşasında çaydaşı, çiy kərpic və bişmiş kərpiclərdən istifadə olunub. Divarların qalınlığı 60 sm. Şərq divarının uzunluğu 18,5 m, cənub divarının uzunluğu 17,5 metrdir. Cənub divarın hündürlüyü 1,6 m çatan, qapıdan qərb tərəfdə yerləşən hörgüsü daha yaxşı qalıb. Burada çiy kərpic hörgü bişmiş kərpic qurşağı ilə möhkəmləndirilmişdir. Qapı açırımı cənub divarın mərkəzində yerləşmiş və bişmiş kərpiclə işlənmişdir.Qapıdan şərqə doöru divar daha çox dağıntıya məruz qalmışdı.
2013-cü ildə Şəmkir şəhər yerində arxeoloji qazıntılardan orta əsr Şəmkir şəhərinin sənət istehsalına dair maraqlı faktlar əldə olunub. IV qazıntı sahəsində IX əsrə aid dulus kürəsinin qalıqları aşkarlanıb. Dördbucaq biçimli bu kürənin üzərisində istehsal tullantıları, bişmə prosesinda zay olmuş, divarları bir-birinə yapışmış səhəng tapılmışdır. Digər sənət istehsalı ilə bağlı maraqlı tapıntılar zərgərlikdə işlədilən saxsı butə və ərimiş metalı süzmək üçün kiçik tutumlu tunc qabdır.
IV qazıntı sahəsindən əldə olunan tapıntılar şirli və şirsiz keramika, inşaat keramikası, əmək alətləri və silah nümunələri, məişətdə işlənən dəmir əşyalar, şüşə qab-qacaq, bəzək əşyaları və sikkələrlə təmsil olunub. Silahlar arasında nizə ucluğu diqqəti çəkir. “Minai” tipli fayans qab nümunələri, təsvir motivli dekora malik polixrom şirli saxsı qablar, qulplu, nazik divarlı zərif şüşə qab tapıntılar arasında böyük maraq doğurur.
Möhkəmləndirmə və konservasiya işləri narınqalanın cənub və şərq divarlarında, qərb divarın kontforsunda, monumental binanın şərq divarının mərkəzi bürcündə aparılıb.