AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTU VƏ REGİONLARIN İNKİŞAFI İCTİMAİ BİRLİYİNİN BİRGƏ LAYİHƏSİ
AZ EN RU
Video
  2003
Video
  2008-2009
2006
2009
2014-CÜ İLDƏ ŞƏMKİR ŞƏHƏR YERİNDƏ APARILANARXEOLOJİ TƏDQİQATLARIN YEKUNLARI Tarix: 20-6-2016    

2014-cü ildə Şəmkir şəhər yerində arxeoloji qazıntılar əsasən Narınqalada, qismən şəhristanda aparılıb. Şəhər qala divarlarından bayırda abidənin xarakterini müəyyənləşdirmək məqsədi ilə şəhər qalasının şimal-şərq bürcündən 50 m şimaldakı ərazidə beş yoxlama qazıntısı qoyulmuşdur... 

2014-cü ildə Şəmkir şəhər yerində arxeoloji qazıntılar əsasən Narınqalada, qismən şəhristanda aparılıb. Şəhər qala divarlarından bayırda abidənin xarakterini müəyyənləşdirmək məqsədi ilə şəhər qalasının şimal-şərq bürcündən 50 m şimaldakı ərazidə beş yoxlama qazıntısı qoyulmuşdur.
Şəhər istehkam tikililərinin öyrənilməsi 2014-cü ilin çöl tədqiqatlarında da diqqət mərkəzində olmuş,IV qazıntı sahəsində Narınqalanın şimal və qərb divarlarının içəri tərəfdən tədqiqi davam etdirilmişdir. Nəticədə Narınqalanın qərb divarı 50 m,şimal divarı isə 60,1 m məsafədə içəri tərəfdən açılaraq öyrənilmişdir. Qala divarının qalıqları şimal-qərb küncündə daha yaxşı qalıb və divar qalıqlarının hündürlüyü burada 7,1 m təşkil edir. Şimal divarının plan və konstruktiv quruluşuna dair yeni faktik materiallar əldə olunub.17J kvadratında kombinə edilmiş hörgü kəsilir. Ona şərqdən çiy kərpicdən hörülmüş divar birləşir. Çiy kərpic hörgü 2,2 m uzunluqda, 70 sm hündürlükdə tədqiq olunub. Bu hörgü kombinə edilmiş hörgüdən 90 sm nazikdir. Çiy kərpic hörgünün üzərində çaydaşından betonabənzər, hündürlüyü 1,7 m çatan divar qeydə alınıb. Dövr etibarı ilə kombinə edilmiş hörgü, çiy kərpic hörgü və betonabənzər qalıqlar fərqlidir.
2014-cü ilin arxeoloji qazıntıları Narınqalanın daxili plan quruluşuna aydınlıq gətirən tikinti qalıqlarının üzə çıxarılması ilə əlamətdardır. Narınqalada monumental binadan qərb tərəfdə tikili qalıqları cənub-şimal istiqamətli XII-XIII əsrin əvvəllərinə aid iki paralel, dar küçə boyunca uzanır.

 

 

 

Qərb tərəfdəki küçədən sol tərəfdə bişmiş kərpicdən inşa olunmuş tikili qalıqları Narınqala divarı ilə birləşir. Arakəsmə divarlarla bu kompleks bir neçə otağa bölünüb. Komleksin tədqiqi mövcud olduğu dövr ərzində burada bir neçə dəfə təmir və yenidənqurma işləri aparıldığını müəyyənləşdirməyə imkan vermişdir. Küçənin şərq tərəfində zirzəmili binanın qalıqları, mürəkkəb quruluşlu, çoxotaqlı, ehtimal ki, əl-kimya laboratoriyası və ya əczaxana olmuş kompleksin qalıqları yerləşir. Bu kompleks inşaat texnikası, elecədə suvaq üzrə çəkilmiş qırmızı boyada nazik cızma üsulu ilə salınmış müxtəlif xarakterli təsvirlərlə diqqətəlayiqdir.
Şəhərin mülki memarlığının səciyyəsi baxımından zirzəmili bina qalıqlarının arxeoloji tədqiqi böyük elmi əhəmiyyətə malikdir.Tədqiqat zamanı onun şərq tərəfində qalınlığı 1,5 m-dən artıq olan yanğın qatı, qərb tərəfdə isə 1,5 m qalınlıqda xırda daşlı torpaq qatı qeydə alınıb. Otağın döşəməsi nazik çaydaşlarla səliqə ilə döşənmişdi. Mərkəzində bişmiş kərpicdən hörülmüş sütunun qalığı vardı. Görünür, sütun zirzəminin tavanını saxlayırmış.
Şərq tərəfdə yerləşən küçə boyunca müxtəlif təyinatlı binaların qalıqları yerləşir. Küçə daşlı qumla, bişmiş kərpic istehsalında yaranan tullantılarla, qismən ağ daş lövhələrlə döşənmişdi. Müəyyən olunmuşdur ki, mövcud olduğu dövr ərzində bu küçə ən azı üç dəfə təmir edilmiş və nəticədə onun səviyyəsi 35-40 sm qalxmışdı.
Küçədən şərq tərəfdə tədqiq edilmiş XII-XIII əsrin əvvəllərinə aid məişət tikilisi qalıqlarının üç səviyyəsi müəyyənləşdirilib. Burada təndir və döşəmə qalıqları, xüsusi quruluşlu ocaq, təsərrüfat küpü və s. üzə çıxarılıb. Təndirlərin fərqləndirici xüsusiyyəti, onların qərb tərəfində külbə və onunla əlaqəli bişmiş kərpiclərdən xüsusi qurulmuş qurğunun olmasındadır.

 

 

Bişmiş kərpic və çiy kərpicdən inşa olunmuş kompleksin qalıqları güclü dağıntıya məruz qaldığından onun təyinatını müəyyənləşdirmək çətindir.
Küçənin sol tərəfində üzə çıxarılan, daxili sahəsi 17 kv.m. – dən artıq olan tikinti qalığının bünövrəsi çaydaşından, divarları isə çiy kərpic və möhrədəndir. Onun şimal-qərb küncündə böyük təndirin qalıqları aşkarlanıb.
2014-cü ildə IV qazıntı sahəsində müxtəlif dövrlərə aid 10-dan artıq təndir qalıqları üzə çıxarılaraq tədqiq olunub. Narınqalanın qərb divarının divaradayaq sahəsində, 8S kvadratında aşkarlanan üç təndirin qalıqları biri-digərinin üzərində olmaqla, hazırlanma üsulunun fərqliliyi ilə diqqətəlayiqdir. Bunlardan birinə - bişmiş kərpicləri dikinə qoyaraq hörmək və içərisinə suvaq çəkməklə düzəldilmiş təndirə Şəmkir qazıntılarında ilk dəfə rast gəlinib.
2014-cü ildə IV qazıntı sahəsində IX-X əsrlərə aid edilən quyu və döşəmələri də qeyd etmək lazımdır. 4,15 m dərinlikdə aşkar edilən döşəmə 23x23x6 sm ölçülərdə bişmiş kərpiclərlə döşənmişdi. Döşəməni çaydaşından hörülmüş,eni 72 sm olan cənub-şimal istiqamətli divar qalığı iki hissəyə ayırır.
Orta əsr Şəmkir şəhərinin qəbiristanlığının aşkarlanması da 2014-cü ilin arxeoloji tədqiqatlarının mühüm nailiyyətlərindəndir. Şəhər qalasının şimal-şərq bürcündən şimalda aparılan yoxlama qazıntıları bu ərazidə orta əsrlərə aid müsəlman qəbirlərinin yerləşdiyini göstərdi.
2014-cü ildə Şəmkir şəhər yerində arxeoloji qazıntılar nəticəsində əldə olunan tapıntılar əmək alətləri, silahlar, saxsı, fayans, şüşə qab-qacaq, şirli aləmbik, bəzək əşyaları və sikkələrlə təmsil olunub.2014-cü ildə tapılmış silahlar arasında ox ucluqları, əmək alətləri arasında bıçaqlar üstünlük təşkil edir. Şirli saxsı aləmbik Şəmkir qazıntılarında ilk dəfə bu il aşkarlanıb. Hər il olduğu kimi bu ildə artefaktlar arasında saxsı məmulatı kütləvi tapıntı olmuşdur. Maraqlı tapıntılardan antropomorf formalı su qabını, zəngin naxışlı polixrom və marqans üzrə cızma naxışlı şirli saxsı qab nümunələrini, zərnaxışlı fayans qab fraqmentlərini, nəfis şüşə məmulatını qeyd etmək olar.
2014-cü ildə Şəmkir şəhər yerində Narınqalanın şərq divarında konservasiya, qismən bərpa işləri aparılıb.