AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTU VƏ REGİONLARIN İNKİŞAFI İCTİMAİ BİRLİYİNİN BİRGƏ LAYİHƏSİ
AZ EN RU
Video
  2003
Video
  2008-2009
2006
2009
2015-Cİ İLDƏ ŞƏMKİR ŞƏHƏR YERİNDƏ APARILAN ARXEOLOJİ QAZINTILARIN YEKUNLARI Tarix: 20-6-2016    

2015-ci ildə Şəmkir şəhər yerində arxeoloji qazıntılar əsasən narınqalada, IV və IX qazıntı sahələrində aparılıb.
IV qazıntı sahəsində 2014-cü ilin tədqiqatlarının davamı olaraq Narınqalanın şimal divarındakı təmir və yenidənqurma qalıqlarının, zirzəmili binanın, pilləkənin qarşısındakı yeraltı yerləşgənin öyrənilməsi diqqət mərkəzində olub... 

2015-ci ildə Şəmkir şəhər yerində arxeoloji qazıntılar əsasən narınqalada, IV və IX qazıntı sahələrində aparılıb.
IV qazıntı sahəsində 2014-cü ilin tədqiqatlarının davamı olaraq Narınqalanın şimal divarındakı təmir və yenidənqurma qalıqlarının, zirzəmili binanın, pilləkənin qarşısındakı yeraltı yerləşgənin öyrənilməsi diqqət mərkəzində olub. Müəyyən olunmuşdur ki, narınqalanın şimal divarındakı iki bürc arasındakı boşluq monqol işğalı zamanı divarın uçması, dağıdılması nəticəsində yaranmışdı. Arran memarlıq məktəbi üçün səciyyəvi olan qarışıq hörgü üslubunda hörülmüş divar qalıqlarının üzərində sonradan təmir və bərpa işləri zamanı hörülmüş çiy kərpic hörgü də eyni dərəcədə qalmamışdır. Çiy kərpic hörgü qalıqlarının üzərində, eni 1-1,1m olan bütonabənzər divar qalığı isə XIX əsrdə rus hərbçilərinin narınqalanın şimal divarında apardıqları təmir və yenidənqurmanı sənədləşdirir.

 

 

Zirzəmili binanın zirzəmisi tam təmizlənərək öyrənilmişdir. Düzbucaq biçimli, uzunluğu 9,6 m, eni 6,5 m olan, döşəməsi çaydaşı ilə döşənmiş, divarlarına içəridən suvaq çəkilmiş zirzəminin mərkəzində sütun qalığı, yerüstü qata keçiddə divarlarında oyuqlar vardır. Zirzəminin hündürlüyü 1,9-2 m olmuşdur. Zirzəmidən qandal tapılması onun təyinatını müəyyənləşdirməyə, vaxtilə, yəni XII əsrdə ondan zindan kimi istifadə olunduğunu düşünməyə əsas verir.

 

 

Zirzəmili binadan cənubda, 6M-7M və 6N-7N kvadratlarında X əsrə aid məişət kompleksinin qalıqları aşkarlanaraq tədqiq edilib. Burada təndirlər və ocaqlar aşkarlanaraq təmizlənib.
XII-XIII əsrin əvvəllərinə aid pilləkənin qalıqlarının tədqiqi davam etdirilib. Burada qaya bərkliyinə malik xırda daşlı bərk torpaqla səciyyələnən materikdə yarımdairəvi tağ formalı yerləşgənin tədqininə başlanılıb. Pilləkənin qarşısında, ən enli yerdə eni 3,3 m, əks tərəfə uzunluğu 3 metrdir. Yerləşgənin hazırda hündürlüyü3,25 m təşkil edir.
2015-ci ildə Narınqalanın cənub-şərq sektorunda yeni, 40 m uzunluqda, 30-32 m enində IX qazıntı sahəsində arxeoloji qazıntılara başlanılıb. Üst mədəni təbəqədə XVIII-XIX əsrlərə aid tikili qalıqları aşkarlanaraq tədqiq edilib. Bu təbəqənin qalınlığı əsasən 80-120 sm arasında dəyişir, bəzi yerlərdə hətta 1,5 metrə çatır.
Üst mədəni təbəqədə XIX əsrdə rus hərbçilərinin istifadə etdikləri bir neçə tikilinin qalıqları üzə çıxarılıb. Bişmiş kərpicdən və çaydaşından hörülmüş düzbucaq biçimli tikinti qalıqları bünövrəyədək tədqiq edilib.Həmin binanın çox möhkəm bünövrəsi var idi. XIX əsrə aid bina qalıqlarının altından oval biçimli, çaydaşı və bişmiş kərpic parçalarından birqatlı hörülmüş, görünür, XVIII əsrdə elatların istifadə etdikləri müvəqqəti xarakterli yarımqazma tipli tikintilərin qalıqları üzə çıxarılıb öyrənilmişdir.
Hesabat ilində IX qazıntı sahəsində orta əsr təbəqəsinin tədqiqi daha əhəmiyyətli olmuşdur. Qazıntı sahəsində 35 uzunluqda, 23 m enində üzə çıxarılan XI-XII əsrlərə aid kompleksin şimal-qərb sektorunda yerləşən döşəmə böyük bir sahəni əhatə edir və görtünür salonun qalıqlarıdır. Onun qərb və şimal-qərb hissəsi qazıntı sahəsindən kənarda qalır. Hazırda təmizlənmiş döşəmə qalığının uzunluğu 15 m, eni 5,8 metrdir. Döşəmədə əsasən 46x46x6-7 sm, 45x45x6-7 sm ölçülü bişmiş kərpiclər işlədilib. Lakin təmir olan yerlərdə 24x24x5,5 sm, 23x23x5,5 sm ölçülü bişmiş kərpiclərdən istifadə olunub.
Döşəmədən şərqdə üzə çıxarılmış,bişmiş kərpicdən əhəngli məhlulla hörülmüş tikinti qalıqlarında qərb və şimal divarlar nisbətən yaxşı qalıb. Təsvir olunan otaqlardan cənubda yerləşən otaqların divarları güclü dağıntıya məruz qalmışdır. Bünövrə və divar qalıqları əsasında onların əsasən dördbucaq və düzbucaq biçimli olduğunu müəyyənləşdirmək olur. Bütün otaqların döşəmələri bişmiş kərpic və ya yerli ağ daş lövhələrlə döşənib.
IX qazıntı sahəsinin cənub-qərb sektorunda, narınqalanın cənub divarına bitişik sahədə bişmiş kərpiclə hörülmüş səki və təknəyəbənzər tikililərin, iri təsərrüfat küplərinin cəmləşdiyi kompleksin qalıqları üzə çıxarılıb. Kompleksdə vaxtilə səkkiz təknəyəbənzər tikili, yerə basdırılmış doqquz iri təsərrüfat küpünün cəmləşdiyi müəyyənləşdirilib. Təknəyəbənzər tikililərdən yalnız ikisi tam salamatdır.

 

 

Qazıntı sahəsinin cənubunda habelə narınqalanın cənub divarının içəri tərəfdən təmizlənməsinə başlanılıb.
2015-ci ildə aparılan arxeoloji qazıntılar nəticəsində 686 tapıntı inventarlaşdırılaraq çöl-qeydiyyatı kitabına salınmışdır. Maraqlı tapıntılardan dəyirman daşını, dəmir baltanı, metalı süzmək üstifadə olunmuş novçalı dəmir qabı, tunc şir fiqurunu, basmanaxışlı şirli saxsı bardağı, eyni dulusçu ustanın istehsal etdiyi şirli polixrom qab nümunələrini, oturacağında damğa olan şirli qab fraqmentini, monumental üslubda işlənmiş zərnaxışlı və “minai” tipli fayans qab nümunələrini, şirli bəzək kərpicini, toxuma naxışlı kaşını, sümükdən yonulmuş şahmat fiqurunu (?) qeyd etmək olar.