AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTU VƏ REGİONLARIN İNKİŞAFI İCTİMAİ BİRLİYİNİN BİRGƏ LAYİHƏSİ
AZ EN RU
Video
  2003
Video
  2008-2009
2006
2009
Son tunc və erkən dəmir dövrü

Şəmkir rayonunun Kür qəsəbəsində, Şəmkirçayın sağ sahilində yerləşən, sahəsi 2 hektardan artıq olan Bitdili yaşayış yerində ümumi sahəsi 210 kv.m olan iki qazıntı qoyulmuş, burada mədəni təbəqə yatımının qalınlığının orta hesabla 1,6 m təşkil etdiyi müəyyənləşdirilmişdir. I qazıntı sahəsində müxtəlif formalı küpə və bardaqların fraqmentləri, düz və dalğalı xətlərlə bəzədilmiş dərin və dayaz kasaların qırıqları, çəlləkvarı və kubformalı qabların parçaları tapılmışdır. Əksəriyyəti əldə hazırlanmış bu qabların saxsısının rəngi qara, boz və qırmızıdır. Saxsı məmulatından başqa dən daşları, toppuz başlığı, ağırlıq daşı və təkər modeli tapılmışdır.

I qazıntı sahəsinin cənub tərəfində üçdə bir hissəsi torpağa basdırılmış iri küplər aşkarlanmışdır. Küplər iri tutumlu olub hündürlükləri 1,6-1,7 m-ə çatırdı. Onlardan birinin dibində şərab qalığı mühafizə olunmuşdu.
I qazıntının şərqində xam torpaqda düzəldilmiş, diametri 1 m olan ocaq qalığı üzə çıxarılmışdır. Onun ətrafındakı sahə gil suvaq ilə suvanmışdı.

II qazıntı sahəsində üç dulus kürəsinin qalıqları aşkarlanıb təmizlənmişdir. Çiy kərpicdən hörülmüş bu kürələr yüksək hərarətin (1000-1200 dərəcə ) alınmasına imkan verən ikiqatlı quruluşa malik idilər. Bu dulus kürələrində iri küplərdən tutmuş kiçik nəfis qablara qədər müxtəlif saxsı məmulat istehsal olunmuşdu. Şərti olaraq II qazıntı sahəsinin yerləşdiyi hissəyə sənətkarlar məhəlləsi adı verilmişdir.

Faktiki materiallar Bitdili yaşayış yerini erkən dəmir dövrünə aid etməyə imkan vermişdir.

Zəyəmçay nekropolu.Şəmkir rayonu ərazisində Bakı-Tbilisi-Ceyhan neft və Cənubi Qafqaz qaz boru kəmərlərinin inşaatı ılə əlaqədar geniş arxeoloji qazıntılar aparılmış abidələrdən biri, son tunc- erkən dəmir dövrünə aid Zəyəmçay nekropoludur (1;2,3). Zəyəmçay yaxınlığında 2 hektaradək ərazini əhatə edən nekropolun boru kəmərlərinin keçdiyi marşrutda 24 m enində, 100 m uzunluqda zolaqda, yəni 2400 kv.m. sahəsində aparılan arxeoloji qazıntılar nəticəsində 130 qəbir tədqiq edilmişdir. Onların böyük əksəriyyəti, 87 qəbir daş örtüklü qəbirlər tipinə aid edilir. Qalanları isə adi torpaq qəbirlərdən və seyrək çaydaşı torpaq qarışıq örtüklü qəbirlərdən ibarətdir.

Daş örtüklü qəbirləri səciyyələndirən başlıca cəhət qəbrin üstündə çaydaşlarından qurulmuş örtüyün olmasındadır. Örtüyün hündürlüyü 25- 100 sm arasında dəyişir. Örtükdəki çaydaşları bəzən gil qarışıq yapışdırıcı məhlulla bir-birinə bərkidilmişdir. Bəzi qəbirlərdə örtük aypara şəklində qurulmuşdur.

Qəbirlərdə aşkarlanan skeletlər ölünün sağ və ya sol böyrüüstə, bükülü və ya çox bükülü vəziyyətdə, müxtəlif istiqamətlərdə dəfn edildiyini göstərir. Arxasıüstə uzadılmış, lakin dizlərdən bükülü skeletlərə də rast gəlinmişdir. Qəbirlərin çoxunda isə, hətta bəzi avadanlıqla zəngin qəbirlərdə skelet aşkarlanmamışdır.

Qəbir tiplərinin müxtəlifliyinə, dəfn adətində fərqlərə baxmayaraq, qəbir avadanlığında əsaslı fərq izlənilmir. Qəbir avadanlığı Xocalı-Gədəbəy mədəniyyətinə mənsub saxsı məmulatından, silahlardan və bəzək əşyalarından ibarətdir.
Zəyəmçay nekropolunda tədqiq olunan qəbirlər e.ə. XIV-X əsrlərə aid edilir.

  

     

     

    

Ədəbiyyat:
1. Müseyibli N.Ə. Zəyəmçay nekropolunda arxeoloji qazıntılar // Azərbaycan arxeologiyası və etnoqrafiyası, 2004, № 2, s.58-74
2. Nəcəfov Ş. N. Zəyəmçay nekropolunun daş örtüklü qəbirləri // Şəmkir: arxeoloji irsi, tarixi və memarlığı. I respublika elmi-praktik konfransının materialları. Bakı, 2008, s. 155-117
3. Квачидзе В.А. Погребальный обряд Заямчайского некрополя Шамкирского района. // Şəmkir: arxeoloji irsi, tarixi və memarlığı. I respublika elmi-praktik konfransının materialları. Bakı, 2008, s.168-179