AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTU VƏ REGİONLARIN İNKİŞAFI İCTİMAİ BİRLİYİNİN BİRGƏ LAYİHƏSİ
AZ EN RU
Video
  2003
Video
  2008-2009
2006
2009
Orta əsrlər

Muncuqlutəpə yaşayış yeri(IX-XIII əsirlər).Yenikənd SES-nın tikintisi ilə əlaqədar 1985-1988-ci illərdə Kür çayının sağ sahilində, Şəmkir rayonunun Qaracəmirli kəndindən 8 km şimalda yerləşən Muncuqlutəpə yaşayış yerində 750 kv.m. sahədə arxeoloji qazıntılar aparılmışdır.(1, s. 57-59). Qalınlığı 1,7-1,8 m olan mədəni təbəqə yatımında IX-X əsrlərə və XI-XIII əsrlərə aid olmaqla iki inşaat qatı müəyyənləşdirilib. Qazıntı nəticəsində çaydaşı və bişmiş kərpicdən inşa olunmuş tikinti qalıqları, məişət və təssərrüfat quyuları, 30-dək təndir və ocaq yeri aşkarlanıb tədqiq edilmişdir. Təndirlər ölçü və formalarına görə fərqlənirlər. Onların divarlarına içəri tərəfdən cızma xətlər salınmışdır. Təndirlərdən ən böyüyünün diametri 80 sm olduğu halda, kiçik təndirlərin diametri 35 sm təşkil edir.
Arxeoloji qazıntılar zamanı Muncuqlutəpədə vaxtilə monumental tikililərin mövcud olmasından xəbər verən memarlıq hissələrinə də rast gəlinmişdir. Misal olaraq daşdan səliqə ilə yonulmuş sütunbaşlığı və sütunaltlığını göstərmək olar. Sütunaltlığınının üzərində kufi xətti ilə həkk edilmiş kitabədə deyilir: “Hakimiyyət Allaha məxsusdur (dörd yüz qırx ikinci il (1050/1051). İmamillah bin Məhəmməd əl-Müdəbbirin işidir. Allah ona rəhm etsin.” (2, s. 37).
Qazıntılar zamanı aşkarlanan çoxsaylı metal pasalar, tullantılar metalişləmə sənətinin, xüsusilə dəmirçılıyin mövcudluğuna dəlalət edən faktik materiallardır.

Mədəni təbəqədən əldə edilən tapıntılar əmək alətləri və silahlardan, şirli və şirsiz saxsı qab-qacaqdan, metal və şüşə məmulatından, bəzək əşyalarından, mis sikkələrdən ibarətdir.
Mədəni təbəqənin üst qatında 20 sm qalınlıqda dağıntı və yanğın qatının qeydə alınması yaşayış məskəninin qəfil hücum nəticəsində dağıdılaraq yandırıldığını və bu hadisədən sonra əhalinin buranı tərk etdiyini göstərir.
Arxeoloji qazıntıların nəticəsində Muncuqlutəpə yaşayış yerinin IX-XIII əsrlərdə mövcud olmuş şəhər tipli yaşayış məskənin xarabalıqları olduğu müəyyənləşdirilmişdir.

Ədəbiyyat:
1. Əliyev Ə.Ə. Muncuqlutəpədə arxeoloji tədqiqatlar haqqında (1985-1988). // Şəmkir: arxeoloji irsi, tarixi və memarlığı. Birinci respublika elmi-praktik konfransının tezisləri. Şəmkir, 2007.
2. Неймат М.С. Корпус эпиграфических памятников Азербайджана. Т. I. Баку,1991