AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTU VƏ REGİONLARIN İNKİŞAFI İCTİMAİ BİRLİYİNİN BİRGƏ LAYİHƏSİ
AZ EN RU
Video
  2003
Video
  2008-2009
2006
2009
2008

Qafqaz: Arxeologiya və Etnologiya. X  Beynəlxalq elmi konfrans.

11-12 sentyabr 2008, Şəmkir

 

 

Qafqazın arxeologiya və etnoqrafiyasına həsr olunmuş ənənəvi beynəlxalq konfransın yubiley, X toplantısı 2008-ci il sentyabrın 11-12-də Azərbaycanda, Şəmkir şəhərində keçirildi. Azərbaycan, Gürcüstan, Rusiya, Türkiyə, Almaniya və Fransa alimlərinin qatıldığı bu beynəlxalq elmi konfransın təşkilatçıları Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Regionların İnkişafı İctimai Birliyi idi. Konfransın iş proqramına 95 məruzə daxil edilmişdi.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov konfransı giriş sözü ilə açıb, regionun arxeoloji abidələrinin, qədim tarixinin, mədəni irsinin, Qafqaz xalqlarının etnoqrafiyasının öyrənilməsində “Qafqazın arxeologiyası və etnologiyası” beynəlxalq elmi konfransın əhəmiyyətini qeyd etdi. Müstəqillik illərində Azərbaycanın regionlarında sosial-iqtisadi və mədəni inkişafın sürətləndiyinə diqqəti yönəldən akademik M.K.Kərimov məhz bunun məntiqi nəticəsi olaraq belə bir mötəbər elmi forumun Şəmkir şəhərində yüksək səviyyədə keçirilməsinin mümkün olduğunu bildirdi. Konfransın açılışında Şəmkir rayon icra hakimiyyətinin başçısı Nazim Veysov, Regionların İnkişafı İctimai Birliyinin sədri Seymur Quliyev çıxış edərək konfrans iştirakçılarını salamladılar və konfransın işinə uğurlar arzuladılar.

 

Plenar iclasda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru t.e.d. M.N.Rəhimova “Qafqazın arxeologiyası və etnoqrafiyası beynəlxalq konfransının 10 ili” mövzusunda məruzəsində keçən 10 il ərzində bu elmi məclisin Qafqaz arxeologiyası və etnoqrafiyası sahəsində elmi nailiyyətlərin mübadiləsində mühüm rol oynadığını vurğuladı. Məruzəçi SSRİ-nin dağılması ilə arxeoloji və etnoqrafik tədqiqatlarda tənəzzülün baş verdiyini, çöl tədqiqatlarının kəşfiyyat xarakterli işlərlə məhdudlandığını, lakin son 10 ildə vəziyyətin əsaslı şəkildə dəyişdiyini, geniş arxeoloji tədqiqatlara başlanıldığı bildirdi. Bu il Azərbaycan prezidentinin xüsusi fondundan çöl arxeoloji tədqiqatları üçün 1 milyon manat vəsaitin ayrılmasını Azərbaycan arxeologiyasına dövlət qayğısının təzahürü kimi qiymətləndirdi.

 

Gürcüstanlı alim, akademik V.M.Şamiladzenin “Humanitar elmlər sahəsində inteqrasiya prosesləri və sosial-mədəni antrpologiyanın əhatə dairəsi”, Dağıstanlı alim, professor M.Aqlarovun “Qafqaz gerçəklikləri Rusiya tarixşünaslığında (XVIII-XIX əsrin əvvəlləri)”, Moskvalı alim, professor S.N. Korenevskinin “Qafqazda erkən Maykop tipli xəncərlər və onları dəfn mərasimində müşayiət edən daş millər, əşyalar və alətlər”, Türkiyəli alim doktor Yüksəl Sayanın “Azərbaycanın qədim epitafiyalarına dair tədqiqatlar (2006-2007-ci illərin materialları əsasında)”, fransız alimi Lyonet Bertilin “Azərbaycan - Fransa ekspedisiyasının Soyuqbulaqda 2006-cı ildə apardığı qazıntıların ilkin nəticələri” mövzularında məruzələri maraqla dinlənildi. Daha sonra konfrans “Arxeologiya” və “Etnologiya” olmaqla iki bölmədə davam etdi.

“Arxeologiya” bölməsində İbtidai insanların məskunlaşma yolları və texniki ənənə məsələləri haqqında, erkən əkinçilik mədəniyyətinə dair, tunc və erkən dəmir dövrü qəbir abidələri haqqında, erkən albanlara dair, orta əsr abidələrinin arxeoloji tədqiqinə həsr olunmuş məruzələr dinlənildi. Məruzələrin bir qrupu Şəmkir rayonu ərazisində yerləşən arxeoloji abidələrdəki son tədqiqatların nəticələrini əks etdirirdi. T.e.n. N.Ə.Müseyblinin “Erkən tunc dövrü Şəmkirçay kurqanları”, AMEA müxbir üzvü, prof. İ..A.Babayevin “Azərbaycanın Şəmkir rayonunun Qaracəmirli kəndi yaxınlığında Əhəməni dövrü abidəsinin qazıntıları”, t.e.d. T.M. Dostiyevin “Orta əsr Şəmkir şəhərinin Narınqalasının qazıntıları”, N.N.Hüseynlinin “Şəmkir-Qazax bölgəsinin orta əsr arxeoloji abidələrinin səciyyəsinə dair” mövzularda məruzələri bu qəbildəndir.
Etnologiya bölməsində Qafqaz xalqlarının mənəvi mədəniyyətinə, etnik proseslərə, adət-ənənələrə həsr olunmuş məruzələr dinlənildi.

Sentyabrın 11-də bölmə iclasları bitdikdən sonra 2007-ci ildə keçirilmiş “Şəmkir: arxeoloji irsi, tarixi və memarlığı” I Respublika elmi-praktik konfransın materiaları məcmuəsinin təqdimetmə mərasimi oldu.
Sentyabrın 12-də yekun iclasdan sonra konfrans iştirakçılar Orta əsr Şəmkir şəhər yerinin arxeoloji qazıntıları ilə tanış oldular.