AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTU VƏ REGİONLARIN İNKİŞAFI İCTİMAİ BİRLİYİNİN BİRGƏ LAYİHƏSİ
AZ EN RU
Video
  2003
Video
  2008-2009
2006
2009
2007

Şəmkir: arxeoloji irsi, tarixi və memarlığı. I Respublika elmi praktik konfransı.
28-29 noyabr 2007, Şəmkir

 

 
 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti və Regionların İnkişafı İctimai Birliyinin birgə layihəsi əsasında “Şəmkir: arxeoloji irsi, tarixi və memarlığı” mövzusunda I Respublika elmi-praktik konfransı 28-29 noyabr 2007-ci il tarixində Şəmkir şəhərində keçirildi. Konfransda üç ölkənin, 14 elmi müəssisəsindən 60 nəfər elm adamı iştirak etdi. 47 məruzə dinlənildi. Konfransın açılışında Azərbaycan Respublikasi Prezident İcra Aparatının məsul işçisi Vüqar Hüseynov, Şəmkir rayon icra hakimiyyətinin başçısı Nazim Veysov, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova, Regionların İnkişafı İctimai Birliyinin sədri Seymur Quliyev çıxış edərək konfrans iştirakçılarını salamladılar və konfransın işinə uğurlar dilədilər.

Konfransın birinci günü Şəmkirin arxeoloji irsinə, arxeoloji abidələrinin öyrənilməsi tarixinə həsr olundu. İki iclasda 25 məruzə dinlənildi. Məruzələrin bir qrupu 2006-2007-ci illərdə Qaracəmirli yaşayış yerində və Orta əsr Şəmkir şəhər xarabalıqlarında aparılmış arxeoloji qazıntıların nəticələrinə və əldə edilmiş arxeoloji materialların şərhinə həsr olunmuşdu. Məruzələrin ikinci qrupu əvvəlki illərdə Şəmkir rayonu ərazisində aparılmış qazıntıların nəticələrini ehtiva edirdi. Məruzələrin üçüncü qrupunda Şəmkir rayonunun arxeoloji abidələrinin öyrənilməsi tarixinə diqqət yetirildi, onların külliyatının hazırlanma vəziyyəti haqqında məlumat verildi.
Konfransın birinci günü Orta əsr Şəmkir şəhər yerinə səfər təşkil edildi. Konfrans iştirakçıları şəhər xarabalıqlarında aparılmış qazıntı işləri  ilə yerində tanış oldular.
Üçüncü və dördüncü iclaslarda Şəmkirin memarlığı, tarixi və etnoqrafiyası üzrə aparılan tədqiqatlardan bəhs edən məruzələr dinlənildi. Üçüncü iclasda əsasən Şəmkir rayonunun memarlığından, memarlıq abidələrindən bəhs olundu, onların qorunması və konservasiyası haqqında təkliflər verildi. Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllim və tələbə heyəti Şəmkir şəhərində küçə, meydan, yaşayış evlərinin bərpa layihələrini nümayiş etdirib şəhər memarlığının səciyyəvi əlamətlərini diqqətə çatdırdılar.

 

Dördüncü iclasda dinlənilən məruzələr Şəmkirin tarixinə, etnoqrafiyasına və epiqrafik abidələrinə həsr olundu. Şəmkirin tarixinin araşdırıldığı məruzələrdə şəhərin təşəkkül tapması, mühüm sənətkarlıq və ticarət mərkəzinə çevrilməsi, Azərbaycan tarixində oynadığı rol, monqollar tərəfindən dağıdılması və sonrakı taleyi, XVIII əsrdə Şəmkir bölgəsinin demoqrafik durumu araşdırıldı və məlumat verildi. Şəmkir bölgəsinin etnoqrafiyasından bəhs edən məruzələrdə Şəmkir xalçaları, Şəmkir əhalisinin geyim və bəzəkləri, XIX-XX əsrin birinci yarısında Anenfelddə yaşamış alman kolonistlərinin etnoqrafik xüsusiyyətləri haqqında məlumat verildi.
Konfransda işgüzar, yaradıcı mühit hökm sürürdü. Yekun iclasda növbəti ildə Şəmkirdə beynəlxalq konfrans keçirilməsi qərara alındı.