AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTU VƏ REGİONLARIN İNKİŞAFI İCTİMAİ BİRLİYİNİN BİRGƏ LAYİHƏSİ
AZ EN RU
Video
  2003
Video
  2008-2009
2006
2009
2010

Antik və orta əsr Azərbaycan şəhərləri: arxeoloji irsi,
tarixi və memarlığı. Elmi konfrans.

27-28 oktyabr 2010-cu il. Şəmkir, Gədəbəy.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Şəmkir Rayon İcra Hakimiyyəti, Gədəbəy Rayon İcra Hakimiyyəti, Regionların İnkişafı İctimai Birliyinin birgə layihəsi üzrə 27-28 oktyabr 2010-cu il tarixdə Şəmkir və Gədəbəy şəhərlərində “Antik və orta əsr Azərbaycan şəhərləri: arxeoloji irsi, tarixi və memarlığı” mövzusunda elmi konfrans keçirildi. Konfransda Azərbaycan alimləri ilə bərabər Gürcüstan, Dağıstan və İran alimləri də iştirak edirdilər. Konfransın açılışı və ilk plenar iclas Şəmkir şəhərində oldu. Konfransı açan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Mahmud Kərimov qədim dövrdə və orta əsrlərdə şəhərlərin mühüm istehsal, mədəni və intelektual potensialın cəmləşdiyi məkan kimi cəmiyyətin mütərəqqi inkişafını təmin edən mərkəzlər olduğunu diqqətə çatdırdı. Xalqımızın zəngin şəharsalma mədəniyyətinin üzə çıxarılmasında, yazılmasında və təbliğində şəhərlərin arxeoloji irsinin, tarixinin və memarlığının dərindən araşdırılmasının böyük aktuallıq kəsb etdiyini xüsusilə vurğuladı.

Konfransın açılışında Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Mədəni İrs” şöbəsinin müdiri Rizvan Bayramov, Regionların İnkişafı İctimai Birliyinin sədri Seymur Quliyev çıxış edərək Azərbaycanın antik və orta əsr şəhərlərinin araşdırılmasında bu konfransın əhəmiyyətli olacağına, yeni araşdırmalara yol açacağına inandıqlarını bildirdilər və konfrans iştirakçılarına yaradıcılıq uğurları, konfransa işgüzar fəaliyyət arzuladılar. 

Konfransın plenar iclasında AMEA-nın vitse prezidenti, akademik Nailə Vəlixanlı, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, memarlıq namizədi, dosent Rizvan Bayramov, dağıstanlı alim, tarix elmləri doktoru, professor Ömər Davudov və gürcüstanlı alim, tarix elmləri doktoru, professor Quram Marxulia məruzə etdilər. Akademik Nailə Vəlixanlı “Şəmkir orta əsr ərəb mənbələrində” adlı məruzəsində orta çağ yazılı qaynaqlarının Şəmkir şəhəri haqqında verdikləri məlumatı konfrans iştirakçılarının nəzərinə çatdırdı və Şəmkirin Azərbaycanın iqtisadi və mədəni inkişafında özünəməxsus rol oynadığını qeyd etdi.

Tarix elmləri doktoru Maisə Rəhimova “Azərbaycanın antik və orta əsr şəhərlərinin arxeoloji tədqiqinin nəticələri və perspektivləri” mövzusunda məruzəsində Azərbaycanda urbanizasiya proseslərinin qədimdən başlayaraq yerli tayfaların sosial, iqtisadi, siyasi və mədəni inkişafından doğduğunu, antik dövrdə xüsusi bir mərhələ təşkil etdiyini və orta əsrlərdə yüksək səviyyəyə çatdığını qeyd etdi, urbanizasiya probleminin tədqiqində arxeologiyanın nəaliyyət və perspektivlərini şərh etdi.

AMEA müxbir üzvü, professor Yaqub Mahmudovun məruzəsi Azərbaycanın qədim şəhərlərinə həsr olunmuşdu.

Professor Gülçöhra Məmmədova “Gədəbəy rayonunun alban dini abidələri” adlı məruzəsində Gədəbəy rayonunun alban xristan abidələri işıqlandırıldı.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyinin şöbə müdiri Rizvan Bayramov “Azərbaycanın tarixi yaşayış məkanları və onların qorunmasına dair” məruzəsində Lahıc, Xınalıq və digər tarixi yaşayış məkanlarının qorunmasının əhəmiyyət və zəruriyyətini diqqətə çatdırdı.

Professor Ömər Davudov “Dağıstanın Alban dövrü yaşayış yerləri” adlı məruzəsində urbanizasiya prosesləri tarixinin araşdırılmasına diqqətin artmasını qeyd etməklə Dağıstandakı antik və erkən orta əsr alban yaşayış yerləri haqqında məlumat verdi.

Professor Quram Marxulia “Azərbaycan şəhəri İrəvan və ya tarixi Erevats”, Ereuni “, “Erivan”, “Yerevan” Azərbaycana məxsusdur ya ermənilərə” mövzusunda məruzəsində yazılı mənbələrin təhlili əsasında İrəvan şəhərinin Azərbaycana məxsus olduğunu bir mənalı təsdiqlədi.

Plenar iclasdan sonra konfrans iştirakçıları Qədim Şəmkir şəhər yerinə səfər edərək, aparılan arxeoloji qazıntılar, üzə çıxarılan istehkam və mülki tikililərdə görülən möhkəmləndirmə-konservasiya işləri ilə tanış oldular.

 

Oktyabrın 28-də konfrans işini bölmələrdə davam etdirdi. Arxeologiya və Memarlıq bölmələri Şəmkir şəhərində, Tarix bölməsi isə Gədəbəydə iclas etdilər. Arxeologiya bölməsində birinci iclasda əsasən qədim, antik və ilk orta əsr şəhərlərinin arxeoloji tədqiqindən bəhs olundu. AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Naxçıvanın qədim şəhərləri”, tarix elmləri namizədi Təvəkkül Əliyevin “Qalatəpə yaşayış yerinin tədqiqatlarının ilkin nəticələri”, tarix elmləri namizədləri Nəcəf Müseyibli, Şamil Nəcəfov, Gülnarə Axundovanın birgə hazırladıqları “Qıraq Kəsəmən yaşayış yeri”, Faiq Babayevin “Qalatəpədə tikinti qalıqları”, tarix elmləri namizədi Tükəzban Göyüşovanın “Govurqala alban şəhərinin xarabalıqlarıdır”, Natiq Alışovun “Azərbaycan Respublikasının qərb bölgəsinin xristian abidələri və onların öyrənilməsinin əhəmiyyəti” mövzusunda məruzələri maraqla dinlənildi. 


 

İkinci iclasda dinlənilən məruzələrin yarısı Orta əsr Şəmkir şəhərinin arxeoloji qazıntılarının nəticələrinə və əldə olunmuş arxeoloji materialın təhlilinə həsr edilmişdi. Tarix elmləri doktoru Tarix Dostiyevin “Orta əsr Şəmkir şəhər yerinin arxeoloji tədqiqi və Azərbaycanın şəhər mədəniyyətinin öyrənilməsində onun əhəmiyyəti”, tarix elmləri namizədi Rəşid Bəşirovun “Orta əsr Şəmkir şəhər yerindən tapılmış şarkonusvarı qablar haqqında”, Namiq Hüseynlinin “Azərbaycanın Bizans imperiyası ilə iqtisadi-mədəni əlaqələrində Şəmkir şəhərinin yeri”, Samir Kərimovun “Orta əsr Şəmkir şəhərinin mətbəx keramikasına dair”, Xaqani Həbibovun “Orta əsr Şəmkir şəhərinin inşaat keramikası”, kimya elmləri namizədi Yusif Yusifovun “Orta əsr Şəmkir şüşələrində atom-absorbsion və rentgen-spektral analiz metodlarının tədbiqi” mövzularında məruzələri bu qəbildəndir.  

Memarlıq bölməsində dinlənilən məruzələrdən bir qrupu Orta əsr Şəmkir şəhərinin memarlığı ilə bağlı idi. AMEA-nın müxbir üzvü, professor Cəfər Qiyasi “Azərbaycan memarlığında səlcuqlar dövrünün minarələri” mövzusunda məruzəsində Şəmkir minarəsinə xüsusi diqqət yetirərək onun bərpa layihəsini şərh etdi. Memar Rəsulağa Mirzəyev “Şəmkir Narınqalasının şərq divarının mərkəzi bürcündə konservasiya işlərinin həlli” adlı məruzəsində Şəmkir şəhər yerində arxeoloji qazıntılar nəticəsində üzə çıxarılmış memarlıq abidələrində, xüsusılə narınqalanın şərq divarının mərkəzi bürcündə aparılmış möhkəmləndirmə-konservasiya işləri haqqında geniş məlumat verdi. Memarlıq namizədi, dosent Svetlana Allahverdiyeva “Şəmkir Azərbaycanın orta əsrlər dövrünün yüksək mədəniyyət mərkəzidir” adlı məruzəsində orta əsrlərin şəhərsalma mədəniyyətinin öyrənilməsində Şəmkir abidələrinin rolundan bəhs edərək, xüsusilə son illər arxeoloji qazıntılar nəticəsində üzə çıxarılmış memarlıq abidələrinin əhəmiyyətini qeyd etdi.

Tarix bölməsində Azərbaycanın antik və orta əsr şəhərlərinin əhalisinin sayının müəyyənləşdirilməsinə, Bərdə, Dərbənd, Şəki və digər şəhərlərin tarixinin bəzi məsələlərinə həsr olunmuş məruzələr dinlənildi. 

Ümumiyyətlə, konfransın iki iş günü ərzində 60 məruzə dinlənildi, Azərbaycanın antik və orta əsr urbanizasiya probleminin aktual məsələləri müzakirə olundu, şəhərlərin arxeoloji irsinin, tarixinin və memarlığının araşdırılmasında elmi nailiyyətlər qeyd edildl, həllini gözləyən problemlər ortaya çıxarıldı.