AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTU VƏ REGİONLARIN İNKİŞAFI İCTİMAİ BİRLİYİNİN BİRGƏ LAYİHƏSİ
AZ EN RU
Video
  2003
Video
  2008-2009
2006
2009
Dəmir dövrü

Qaracəmirli kəndi yaxınlığında e.ə. V-IV əsrlərə aid saray binalarının qazıntıları

Keçən əsrin 80-ci illərinin əvvəllərində Şəmkir rayonunun Qaracəmirli kəndinin yaxınlığında pambıq ğəkilən sahələri suvarılmasını asanlaşdırmaq üçün kiçik təpəcikləri hamarlayan zaman zəngvari formalı, yanları qabırğavari naxışlı daş sütunaltlığı tapılmışdır. Torpaq işləri zamanı bu sütunaltlığının yuxarı hissəsi sındırılmış, onun qalmış hissəsini Qaracəmirli kəndinin sakini Həmid Yusifov öz həyətində saxlamışdır.

Bu tapıntıya qədər Azərbaycanda 2 ədəd belə sütunaltlığı və çiy kərpiclə hörülən binanın bəzi qalıqları 1958-ci ildə Qazax şəhəri ərazisində Sarıtəpə abidəsində tapılmışdır.

Bu tapntılar haqqında arxeoloq İdeal Nərimanovun Moskvada "Советская археология" jurnalında nəşr etdirdiyi kiçik məqalə1 çoxlu tədqiqatçıların diqqətini cəlb etmişdi. Belə sütunaltlıqları və tikintilər o vaxta qədər ancaq İranda Əhəmənilər imperiyasının mərkəzi şəhərlərindən biri olan Persopoldan məlum idi.

Sarıtəpədə aşkar edilən tikinti qalıqları eramızdan əvvəl V əsrdə yaşamış, yunan tarixçisi Herodotun Cənubi Qafqazın Əhəmənilər İmperiyasının tərkibinə daxil olması haqqında məlumatını təsdiq etdi.

Əhəmənilər dövləti e.ə. 550-ci ildə yaranmışdır. O zaman Midiya dövlətinin tərkibinə daxil olan Fars (yunanlar Persida adlandırırdılar) vilayətinin hökmdarı Əhəmənin nəslindən olan II Kuruş (Yunan mənbələrində Kir) üsyan qaldıraraq axırıncı Midiya padşahı Astiaqı məğlub edərək Əhəmənilər dövlətini yaratmışdı. Az vaxt ərzində II Kuruş, (e.ə. 550-530-cu illər). Onun oğlu II Kambiz (e.ə. 530-523-cü illər) və I Dara (e.ə. 522-486-cı illər) bir çox ölkələri işğal edərək nəhəng imperiya yaratdılar. Herodotun məlumatına görə Əhəmənilər imperiyasının şimal sərhədləri Böyük Qafqaz sıra dağlarına qədər çatırdı (Her. III, 97). Əhəmənilər İmperiyası qərbdə Misir daxil olmaqla şimal-şərqi Afrikadan, şərqdə Hindistanın Hind çayı vadisinə, cənubda İran körfəzi və Hind okeanından şimalda Böyük Qafqaz dağlarına qədər geniş ərazini əhatə edirdi. O vaxta qədər dünyada bu böyüklükdə İmperiya yaranmamışdı.

Əhəmənilər İmperiyasının mədəniyyəti bu nəhəng ərazidə yaşayan xalqların (Herodot bu ərazidə 70-ə qədər xalqların adlarını sadalamışdır) mədəniyyətlərinin xüsusiyyətlərini özündə əks etdirirdi.

Tədqiqatlar göstərir ki, Cənubi Qafqaz, xüsusi ilə hazırki Azərbaycan Respublikasının ərazisi olan Cənubi Şərqi Qafqaz, hələ Əhəmənilərdən əvvəl Midiya dövlətinin tərkibinə daxil idi.2 E.ə. VII əsrdə şimaldan Kaspi dənizi ilə Qafqaz dağları arasındakı keçiddən (Dərbənd keçidi) cənuba hərəkət edən köçəri skiflər burada padşahlıq yaradaraq 80 ilə yaxın dövr ərzində ağalıq etmişlər.3

E.ə. VI əsrin əvvələrində Midiya hökmdarı Kiaksar onları məğlub edərək qovmuş, yenidən Midiyanın ağalığını bərpa etmişdi (Her. 1, 106). Beləliklə, Cənubi-Şərqi Qafqaz Əhəmənilərə, görünür, bir növ vərasəliklə keçmişdi.

Bu tarixi hadisələrlə əlaqədar olaraq hələ Sarıtəpə tapıntılarına qədər bütün Cənubi Qafqaz ərazisində dəfələrlə Əhəmənilər dövrü mədəniyyəti üçün səciyyəvi olan torevtika (bədii metalişləmə) predmetləri, möhürlər (daha çox Mingəçevirdə tapılıb) keramika məmulatı tapılmışdı. Lakin tikinti qalıqları tapılana qədər güman olunurdu ki, Cənubi Qafqazın Əhəmənilərdən asılılığı nominal səciyyə daşımışdır.4

Keçən əsrin 90-cı illərində Gürcüstanla Almaniyanın birgə arxeoloji ekspedisiyası Şərqi Gürcüstanın Qumbati adlı yerdə qazıntılar nəticəsində çiy kərpiclərlə tikilən 5 ədəd zəngvari (Persopol və Sarıtəpədə olanlar kimi) daş sütunaltlıqları olan binanın qalıqlarını aşkar etdilər.5

Yuxarıda adı çəkilən Şəmkir rayonunun Qaracəmirli kəndində tapılan daş sütunaltlığı göstərirdi ki, burada da Əhəmənilər dövrünə aid böyük bina qalıqları olmalıdır. Lakin maliyyə vəsaiti olmadığından uzun müddət Qaracəmirlidə arxeoloji qazıntılar aparmaq mümkün olmadı. 2000-ci ildə mən, Tbilisidə «Qafqaz İberiyası və onun qonşuları Əhəmənilər və Əhəmənilərdən sonrakı dövrdə» mövzusunda keçirilən konfransda iştirak edərkən, orada Qumbatidə qazıntılara rəhbərlik edən Almaniyadan Halle Universitetinin professoru Andrey Furtwanglerlə görüşdüm, ona və Gürcüstan Arxeoloji tədqiqatlar mərkəzinin direktoru akademik Otar Lordkipanidzeyə Almaniya və Gürcüstan arxeoloqları ilə birlikdə Qaracəmirlidə arxeoloji qazıntılar aparmağı təklif etdim. 2001-ci ildə Azərbaycanda Əhəmənilər dövrü abidələri ilə tanış olmaq məqsədi ilə Münxen muzeyinin əməkdaşı, Qumbati qazıntılarında iştirak edən Florian Knauss, Halle Universitetinin əməkdaşı Gündüla Mexnert, Gürcüstandan professor Yulon Qaqoşidze Bakıya gəldilər. Onlar Milli Azərbaycan Tarixi muzeyində Sarıtəpədə tapılan sütunaltlıqları və digər eksponatlarla tanış oldular. Bu sətirlərin müəllifi və Sarıtəpədə qazıntılar aparan İdeal Nərimanov Almaniya və Gürcüstandan gələn qonaqlarla Şəmkirə gedərək Qaracəmirli kəndində saxlanan sütunaltlığına və sütunaltlığı tapılan sahəyə baxdıq. Sütunaltı tapılan yer tamam hamarlanmışdı. Sahədə Əhəmənilər dövrü üçün səciyyəvi olan saxsı qabların xırda parçalarına rast gəlinirdi. Yerüstü əlamətlər göstərirdi ki, orada qazıntılar aparılsa binanın bəzi qalıqlarını izləmək olar.

Burada əsaslı arxeoloji qazıntılar aparmağın böyük elmi əhəmiyyətinin olduğu şübhə doğurmurdu. Lakin bunun üçün maliyyə vəsaiti tapmaq lazım idi. O zaman Azərbaycanın belə maliyyə imkanı yox idi. Almaniya arxeoloqları dedilər ki, burada qazıntılar aparmaq üçün vəsait axtaracaqlar Nəhayət Almaniyadan olan kolleqamız Florian Knaussun təşəbbüsü ilə «Gerda Henkel Fondation» bizim ekspedisiyanın qazıntılarını maliyyələşdirməyə razılıq verdi. Lakin ABŞ tədqiqatçılarını daha qədim abidələri maraqlandırırdı.

Nəticədə 2006-cı il iyul ayının 30-da planlaşdırdığımız ekspedisiya mənim rəhbərliyim ilə Qaracəmirlidə qazıntılara başladı. Birinci il Almaniya qrupu doktor Florian Knauss olmaqla 5 nəfərdən ibarət idi. Gürcüstandan Gürcüstan Milli Tarix Muzeyinin əməkdaşı professor Yulon Qaqoşidze iştirak edirdi.

Ekspedisiya üzvləri sahə ilə tanış olan ilk gündən kiçik bir təpəciyin yanında qazılan artezan quyusunun ətrafında və suyun axması üçün ekskavatorla qazılan arxın içərisində bir neçə daş sütunaltlıqların böyük hissələrini, onların çoxçaylı xırda qəlpələrini, onlarla həmdövr gil qabların qırıqlarını aşkar etdilər. Belə tapıntılar burada saray tipli böyük tikilinin qalıqlarının olduğunu göstərirdi.

Ekspedisiya bu sahədə qazıntıdara başlamağı qərara aldı. Təpəni Qafqazda ilk dəfə belə tikinti qalıqlarını aşkar edən az sonra dünyasını dəyişən Azərbaycan arxeoloqu İdeal Nərimanovun şərəfinə İdealtəpə adlandırdıq.

İdealtəpə keçən əsrin 80-cı illərində sütunaltlığı tapılan yerdən təxminən 220 m. şimalda yerləşir. İdealtəpədə qazıntılar aparmaqla yanaşı ətraf ərazidə axtarışlar aparılaraq müəyyən olundu ki, bir neçə kv.km. sahəni əhatə edən geniş ərazidə Əhəmənilər dövrünə aid tikinti qalıqları vardır. Qaracəmirli abidəsi bu vaxta qədər Cənubi-Qafqazda aşkar edilən belə abidələrin ən böyüyüdür. Görünür, Əhəmənilərin Cənubi Qafqazda başlıca inzibati mərkəzi (Satrap iqamətgahı) burada yerləşmişdir.

«Gerda Hengel fondunun» maliyyə yardımı ilə Qaracəmirlidə Beynəlxalq arxeoloji ekspedisiya 6 il (2006-2011-ci illər) qazıntı işləri apardı. Ekspedisiya 2006-2007-ci illərdə İdealtəpədə qazıntı apararaq müəyyən etdi ki, orada Əhəmənilər dövrünə aid daha möhtəşəm saray tipli binanın propleyası yerləşmişdir. Saray isə İdealtəpədən təxminən 200 m. şərqdə yerləşmişdir.

Propleya 22x23 m. ölçülərindədir. Ona giriş şərq tərəfdən olmuşdur. Propleyanın şərq tərəfində 2 sütunu olan portiki, onun arxasında 4 sütunlu zalı, qərb tərəfdə də 4 sütunlu portiki, onlardan şimal və cənub tərəflərdə digər otaqları olmuşdur. Propleyadan şimal və cənub tərəfə 1 m. enində divar uzanır. Bu divarlar propleyadan qərbdə yerləşən saraya qədər uzanaraq ona birləşir (Şək. 1-3).

Saray yerləşən yer hektara yaxın sahəni əhatə edir və bu sahə çoxda hündür olmayan təpə şəkilində qalmışdır. Qurbantəpə adlandırdığımız bu sahədə 2008-2011-ci illərdə qazıntı aparılmış, orada doğurdanda böyük sarayın qalıqlarının olduğu müəyyənləşdirilmişdir. Hələlik bu sarayın çox az hissəsi qazılmışdır. Sarayın təxmini ölçüləri 63 m (şərq-qərb)x80 m (şimal-cənub) olmaqla ümumi sahəsi 5040 kv.m-dən çoxdur. Onun mərkəzi hissədə çiy kərpic divarları 1,6 m. hündürlüyə qədər qalmışdır. Binanın böyük zalları, uzun koridorları və şərqdə portiki olmuşdur. Zallarda və portikdə iki tipdə monolit sütunaltlıqları qoyulmuşdur. Hələlik iki zalda zəngvari, yanları palma yarpaqları şəkilli relyef naxışlı sütunaltlıqları qoyulduğu müəyyən edilmişdir (Şək. 4, 5).

Portikdə və digər zallarda dördkünc pilləli, üstündə dairəvi, balışvari hissəsi olan sütunaltlıqları qoyulmuşdur (Şək. 6).

Zəngvari sütunaltlıqları Əhəmənilərin Şahənşahları I Dara və onun oğlu Kserksin e.ə. V əsrin əvvəllərində Perspolda tikdirdikləri sarayın, dövrdbucaqlı pilləli sütunaltlıqları isə Əhəmənilər dövlətinin 1-ci padşahı II Kuruşun Pasarqaddakı sarayının sütunaltlıqları kimidir. Qaracəmirlidə bu saray e.ə. V əsrin 1-ci yarısında tikilmişdir.

Portikin eni 8, uzunu 25 m. olmuşdur. Oraya iki sırada hər sırada 6 olmaqla 12 sütun qoyulmuşdur. Portikin arxasında 25x27 m., ölçülərində ümumi sahəsi 675m2 olan audensiya zalı yerləşmişdir. Hələlik onların kiçik sahələri qazılmışdır. Sarayın qərb tərəfində 4 ədəd zəngvari sütunaltlıqlar olan bir zal tam təmizlənmişdir. Onun ümumi sahəsi 121,8m2 –dir. Bu zala cənub və şimal tərəfdən başqa zallar birləşir. Qapılar ortasında dairəvi oyuq olan dabandaşların üstündə olmuşdur.

Binanın bəzi zallarında yanğın izləri, yanıb kömürləşmiş dam örtüyünün ağacları qalmışdır (Şək. 7).

Bu böyük sarayın hələlik az hissəsi təmizlənmişdir.

Ekspedisiya bu saraydan 1 km. cənubi-şərqdə Rizvantəpə adlandırdığımız yerdə də böyük bir binanın qalıqlarını aşkar etmişdir. Bu binanın girişində üç pilləli daş pilləkəni, böyük və nisbətən kiçik otaqları olmuşdur. Qurbantəpədən 1 km. şimali-şərqdə Dərəyatağı adlı sahədə də qazıntı apararaq bəzi tikinti, digər maddi-mədəniyyət qalıqları üzə çıxarılmışdır.
Tapıntılar içərisində Əhəmənilər dövrü üçün səciyyəvi olan müxtəlif gil qablar üstünlük təşkil edir (Şək. 8).

İndiyə kimi Əhəmənilər imperiyasının İran ərazisində yerələşən mərkəzi şəhərlərindən kənarda bu böyüklükdə saray qalıqları aşkar edilməmişdir.

Güman edilir ki, hazırki Qaracəmirli kəndinin yanında e.ə. 550-ci illdən 330-cu ilə qədər mövcud olan Əhəmənilər İmperiyasının cənubi Qafqazda inzibati mərkəzi (Satrap iqamətgahı) olmuşdur. Makedoniyalı İskəndərin şərqə yürüşü nəticəsində e.ə. 330-cu ildə imperiya süqut etdikdən sonra bu inzibati mərkəz də öz əhəmiyyətini itirmişdir. Bu hadisədən sonra Şimali Azərbaycanda paytaxt şəhəri Qəbələ olan müstəqil Qafqaz Albaniyası dövləti yaranmışdır.

2006-2011-ci illərdə 6 il ərzində Qaracəmirlidə Almaniyanın «Gerda Hengel fondunun» maliyyə yardımı ilə qazıntılar aparan beynəlxalq ekspedisiyaya Şəmkir rayonun yerli hakimiyyət orqanları, ictimai təşkilatlar, yerli əhalinin diqqət mərkəzində olmuşdur. Şəmkir rayonunun İcra başçısı Nazim Veyisov və digər yerli hakimiyyət orqanlarının nümayəndələri dəfələrlə qazıntı sahəsinə gələrək aparılan qazıntılarla tanış olmuşlar. Almaniya Federativ Respublikasının fövqəladə və səlahiyyətli Səfirləri Pier Stankina və Herbert Kvelle də Şəmkiə gələrək qazıntılarla tanış olmuşlar.

2011-ci ildə AMEA-nın 1-ci vitse prezidenti hörmətli akademik Arif Həşimov Qaracəmirliyə gələrək qazıntılarla tanış olmuş, onun və rayon rəhbərliyinin iştirakı ilə Şəmkir rayonunda ekspedisiyamızın qazıntılarına həsr olunan elmi konfrans keçirilmişdir.

Ekspedisiyanın qazıntılarının nəticələri haqqında azərbaycan, alman, ingilis və rus dillərində məqalələr nəşr olunmuş, beynəlxalq konfranslarda məruzələr oxunmuş, radio, televiziya verilişləri təşkil olunmuşdur.
Çox təəssüf ki, Almaniya tərəfindən hazırki dünyada baş verən böhranlarla əlaqədar maliyyə vəsaiti ayrılmadığından 2012-ci ildə qazıntılar dayandırılmışdır. Orada aşkar olunan 2500 il bundan əvvələ aid nəhəng sarayın da qazıntıları yarımçıq qalmışdır.

2013-cü ildə yenidən abidədə qazıntılar bərpa olunmuş və gələcəkdə bu qazıntiların daha geniş miqyasda aparılması nəzərdə tutulmuşdur.

Qaracəmirlidə qazıntıların davam etdirilməsinin təkcə Azərbaycanın deyil, bütün Qafqazın Yaxın və Orta Şərqin qədim tarixini öyrənmək üçün böyük əhəmiyyəti vardır. Bu abidənin qazıntılarının davam etdirmək zəruridir.

1. Нариманов И.Г. Находки баз колонн V-IV вв. до н.э. в Азербайджане // СА, 1960, №4, с. 162-164.
2. Бабаев И. О времени установления Мидийско-Ахеменидского господства на Южном Кавказе и отражении его на памятниках материальной культуры этого регион. // В кн.: Международная научная конференция. «Археология (IV) и этнология (III) Кавказа». Тбилиси, 2002, с. 43-44.
3. Хазанов А.М. Социальная история скифов. Москва, 1975, с. 220.
4. Левиатов В.Н. Азербайджан с V века до н.э. по III в.н.э. // ИАН Аз ССР, 1950, №1, с. 68; Тревер К.В. Очерки по истории и культуре Кавказской Албании IV в. до н.э.-VII в.н.э. Москва-Ленинград, 1959, с. 50
5. Furtwangler A, Knauss F. Gumbati Archaologisсhe Expedition in Kachetian. 1995, Eurasia Antigua. 2, 1996. s. 363-391.

İlyas Babayev

 


Şəmkir- Qaracəmirli arxeoloji ekspedisiyasının qazıntıları haqqında nəşr olunan məqalələr

1. İ .Babayev: Şəmkir rayonunun Qaracəmirli kəndində Beynəlxalq Azərbaycan-Almaniya-Gürcüstan arxeoloji ekspedisiyasının 2006-2007-ci illərdə qazıntıları haqqında. // AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. 2006-2007-ci illərdə Azərbaycanda arxeoloji və etnoqrafik tədqiqatların yekunları. A.A.Abbasovun 70-illik yubileynə həsr olunan elmi konfransın materialları. Bakı, 2007, s. 70-72.
2. İ.Babayev, F.Knauss, Y.Qaqoşidze. Azərbaycan-Almaniya-Gürcüstan Beynəlxalq arxeoloji ekspedisiyasının Şəmkir rayonunun Qaracəmirli kəndində 2006-2007-ci illərdə apardığı arxeoloji qazıntıların ilkin nəticələri // Şəmkirin arxeoloji irsi, tarixi və memarlığı. Bakı, 2007, s. 10-30.
3. İ.Babayev, F.Knauss, Y.Qaqoşidze. Ein Perserbau in Azerbaydzan. Ausqrabung auf dem Ideal Tepe bei Karacamirli. 2006. // Archaologishe Mitteilungen aus Iran und Turan. Band 38. Berlin, 2006, s. 291-330.
4. İ.Babayev, F.Knauss, Y.Qaqoşidze. An Achaemenid “Palace” at Qarajamirli (Azerbayijan). Preliminary Report on the Excavations in 2006. // Achamenid Culture Traditions in Anatolia, Southern Caucasus and Iran. New Discoveries. Edit by Askold Ivanchik and Vakhtang Licheli, Brill, Leiden, Boston. 2007. p. 31-45.
5. И.Бабаев, Ю.Гагошидзе, Ф. Кнаусс. Раскопки памятника Ахеменидского времени вблизи селения Гараджамирли Шамкирского района Азербайджана. Первые итоги и перспективы.// Кавказ. Археология и этнология. Международная научная конференция. 11-12 сентября 2008 г. Азербайджан, Шамкир, Баку, 2009, с. 192-196.
6. İ.Babayev, F.Knauss, Y.Qaqoşidze. A Persian Propylaeum in Azerbaijan. Excavations at Karacamirli. .// Кавказ. Археология и этнология. Международная научная конференция. 11-12 сентября 2008 г. Азербайджан, Шамкир, Баку, 2009, с. 196-201.
7. İ.Babayev, F.Knauss, Y.Qaqoşidze. Azərbaycan-Almaniya-Gürcüstan Beynəlxalq Şəmkir-Qaracəmirli arxeoloji ekspedisiyasının çöl-tədqiqat işləri haqqında. // Azərbaycanda arxeoloji tədqiqatlar. Bakı, 2008, s. 136-139
8. İ.Babayev, F.Knauss, Y.Qaqoşidze. Excavations in the Achaemenid Palatial Complex near the village Karacamirli in the Shamkir region. Азербайджан страна, связывающая Восток и Запад. Обмен знаниями и технологиями в период «Первой глобализации». Симпозиум. Баку, 1-3 апреля 2009 г. с. 88-89.
9. Раскопки дворцовых зданий ахеменидского времени вблизи селения Гараджамирли Шамкирского района. Там же. с. 92-95.
10. F.Knauss, I.Babayev, C.Eminli. Ausqrabungen bei Karacamirli 2006-2007. // ZAKAS-Zenutrm fur Archaologie und kulturgschichte des Schwarzmeeuraumes. Archaelogia Cirkumpontika. Heft 5, 2009, Halle. s. 4-9.
11. İ.Babayev, F.Knauss, C.Eminli, E.İsgəndərov. Beynəlxalq Şəmkir Qaracəmirli arxeoloji ekspedisiyasının 2009-cu ildə qazıntıları haqqında. // Azərbaycanda arxeoloji tədqiqatlar. 2009. Bakı, 2012, s. 294-298.
12. И.Бабаев, Ю.Гагошидзе, Ф.Кнаусс. Ахемениды на Кавказе. // Материалы II Международного Конгресса Кавказоведов. Тбилиси, 2010, s. 38-381.
13. Florian Knauss, Yulon Gagoshidze. Ilyas Babayev. A Persian Proplaеum in Azerbaijan. Excavations at Karacamirli. // Axemenid Impakt in the Black Sea. Communucation of Powers. Danimarka Aarhus University Press-2010. p. 111-122.
14. Ilyas Babayev, Gundula Mehnert und Florian Knauss. Die axaimenidische Rezidenz auf dem Gurban Tepe. Ausqrabungen bei Karacamirli 3. Vorbericht. // AMIT. Archaologishe Mitteilungen aus Iran und Turan. Band 41, Berlin, 2009. s. 283-321.
15. İlyas.Babayev, Yulon.Qaqoşidze, Florian.Knauss. Qaracəmirli kəndində Əhəmənilər dövrü tikintiləri. // «Azərbaycan arxeologiyası». 2009, №2, s. 58-71.
16. И.Бабаев, Ю.Гагошидзе, Ф.Кнаусс. Некоторые итоги и перспективы раскопок дворцовых зданий середины I тыс. до н.э. в Гараджамирли (Азербайджан) // Материалы конференции в Шамкире. Античные и средневековые города. Баку, 2012. с. 110-121.
17. İ.Babayev, F.Knauss. Die achaimenidsche Rezidenz bei Karacamirli. Ausqrabungen auf dem Gurban Tepe und auf dem Rizvan Tepe. // AMIT, Band 42, Berlin, 2010, s. 237-266.
18. İ.Babayev, Y.Qaqoşidze, F.Knauss. Qaracəmirlidə Beynəlxalq arxeoloji ekspedisiyasının araşdırmalarının beşinci ilinin ümumi nəticələri. // Azərbaycanda arxeoloji tədqiqatlar. Bakı, 2011, s. 448-453.
19. Ильяс Бабаев. Юго-восточный Кавказ в Мидийско-ахеменидское время. // Место и роль Кавказской Албании в истории Азербайджана и Кавказа. Баку, 2012, с. 76-84.
20. И.Бабаев, Ю.Гагошидзе, Ф.Кнаусс. Ахеменидский админстративный центр (сатрапская резиденция) на Южном Кавказе. // Azərbaycanın qədim şəhər mədəniyyəti dünya urbanizasiya kontekstində. Beynəlxalq elmi konfransın tezisləri. Bakı, 2012. s. 17-19.