AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTU VƏ REGİONLARIN İNKİŞAFI İCTİMAİ BİRLİYİNİN BİRGƏ LAYİHƏSİ
AZ EN RU
Video
  2003
Video
  2008-2009
2006
2009
Tarixi

 

Şəmkir rayonu 1930-cı ildə təşkil edilmişdir. Ərazisi 1660 kv km–dir. Bakıdan 400 km məsafədə yerləşir. Şəmkir rayonun şimal-şərq hissəsini (Kür çayının sol sahili) Ceyran çöl, Mərkəzi hissəsini Gəncə–Qazax düzənliyi təşkil edir. Rayonun cənubu isə Kiçik Qafqazın şimal-şərq ətəklərini əhatə edir. Şəmkir rayonu Gəncə-Qazax iqtisadi bölgəsinə daxildi. Relyef xüsusiyyətlərinə görə dörd zonaya: maili düzənliklər, dağətəyi, orta dağlıq, yüksək dağlıq zonalarına ayrılır. İqlim şəraiti də bu zonalara müvafiq olaraq müxtəlifdir. Orta illik temperatur 140 S-dir.
Əhalisi təxminən 185 min nəfər təşkil edir.
Şəmkir toponimi orta əsr qaynaqlarında Şəmkir (türk), Şəmkur (ərəb, fars), Şankori (gürci), Şyunkyur (rus) və s. kimi əksini tapmışdır. Şəmkir toponimi ətrafında müxtəlif mülahizələr yaranmış, o «günəşə sitayiş edən», «Kür qalası», «Kür mayakı», «axşam yeməyi» və başqa şəkildə izah edilmişdir. Onun Şəmkir ibn Ziyad (X əsr) şəxs adı ilə əlaqələndirilməsi də (A.A. Bakıxanov) irəli sürülmüşdür. Şəmkirin tayfa, samur (xəzdərili heyvan) adları ilə şərhinə də cəhd göstərilmişdir. Şəmkirin «şam» və «kür» tərkib hissələr əsasında da izahını («sərin, soyuq çay», «yuxarı Kür», «Kür məntəqəsi», «saamların (şəmlərin) çayı» və s.) səy edilmişdir. Mütəxəssislər etiraf edir ki, toponimin dəqiq elmi izahı hələlik yoxdur.
Şəmkir rayonunun tarixində eyni adlı şəhər və onun ətrafındakı yaşayış məskənləri mühüm rol oynamışdır.
Orta əsr Şəmkir şəhəri Şəmkir çayının sol sahilində yerləşmişdi. Tarixi faktların ümumiləşdirilməsi əsasında Şəmkir şəhərinin erkən orta əsrlərdə formalaşdığını güman etmək olar. Ərəb Xilafətinin Azərbaycanın şimal torpaqlarını işğalı prosesində Şəmkirin də ələ keçirilməsinə və oradan strateci məqsədlər üçün istifadə edilməsinə xüsusi əhəmiyyət verilmişdi. Ərəb sərkərdəsi Səlman ibn Rəbiə əl-Bahili VII əsrin ortalarında Şəmkiri işğal etmidi. Akademik Z.Bünyadov yazmışdır: «…Salmanın dəstəsi «qədim şəhər hesab olunan» Şamxoru tutdu, şərqə tərəf dönərək, «Bardinc arxasında Arazın Kürə qovuşduğu yerə getdi…»
Bu dövrün ən mühəm hadisələrindən biri ərəb-xəzər müharibələri idi. Ərəb sərkərdəsi Mərvan ibn Məhəmməd qalibiyyətli 737-ci il yürüşündən sonra əsir götürdüyü xəzərlərin bir hissəsini burada məskunlaşdırmışdı. Şəhərin yüksəlişinə ərəblərə qarşı çıxış edən sanarilərin yürüşü mane olmuşdu. Onlar 752-ci ildə Şəmkiri dağıtmışdılar. Görünür ərəblər şəhərin əhəmiyyətini yüksək qiymətləndirərək onun bərpasına xüsusi önəm verirdilər. Əslən türk olan sərkərdə Buğa əl-Kəbir 854-ci ildə şəhəri azad etdi. IX əsr ərəb tarixçisi əl-Bəlazuri yazmışdır: «…Buğa … onu (şəhəri) bərpa etdi və xəzərlərin bir hissəsini oraya köçürdü; onlar himayəçilik haqqında xahişlə onun yanına gəlmişdilər, çünki onlar islamı qəbul etmək arzusunda idilər. O, Bərdədən tacirləri də oraya köçürdü və şəhəri Mütəvəkkilliyyə (Abbasi xəlifəsi, 847-861-ci illərdə hökmranlıq etmişdir.) adlandırdı».
Ərəb tarixçilərinin özlərinin də etiraf etdiyi kimi şəhər sonralar öz əvvəlki adını aldı. Bunu bir tərəfdən yerli əhalinin öz keçmişinə bağlılığı, digər tərəfdən isə az bir müddət sonra Azərbaycanda Ərəb Xilafətinin hökmranlığına son qoyulması və yeni müstəqil dövlətlərin yaradılması ilə izah etmək olar.
Şəmkir Ərəb Xilafəti dövründə siyasi proseslərlə birgə, sosial-iqtisadi həyatda da mühüm rol oynamışdı. Şəmkir Azərbaycanın beynəlxalq ticarətində fəal iştirak edirdi . Hətta Arran sikkəxanasının burada olması da güman edilir.
Azərbaycanda müstəqil dövlətlərin yarandığı IX-XI əsrlər Şəmkir şəhərinin yüksəlişinə təkan verdi. Şəmkir şəhəri Salarilər (941-981), sonra isə Şəddadilər (975-1075) dövlətinin tərkibinə daxil olmuşdu. Şəmkir bu dövrdə siyasi hadisələrin mərkəzlərindən birinə çevrilmişdi. Şəddadi hökmdarı Əbüləsvar ibn Fəzl Şavur (1049-1067) hakimiyyətə məhz Şəmkirdən başlayır. M.Şərifli yazmışdır: «Şavur Şəmkirdə qayda yaratdıqdan sonra Gəncəyə gedir. Şəhəri öz hakimiyyəti altına alaraq bütün Arran torpaqlarını və qalalarını birləşdirib hakimiyyətə başlayır».
Şavurun dövründə, 1065-ci ildə alanlar gürcü çarı IV Baqratla ittifaq bağlayaraq Arran ərazisinə daxil olmuşdular. M.Şəriflinin yazdığına görə «onlar Şəmkür yaxınlığında 200-dən artıq könüllü öldürüb, kəndləri qarət edərək əhalini qıra-qıra Gəncəyə qədər gəldilər… buna görə də Şavurun müttəfiqi olan Alp Arslan (Böyük Səlcuq Sultanı, 1063-1072) 1067- ci ildə iki dəfə Zaqafqaziya ölkələrinə hücum etdi».Səlcuq hökmdarı Məlikşahın dövründə (1072-1092) Şəddadilər dövləti süqut etdi və digər ərazilər kimi Şəmkir də Səlcuq dövlətinin tərkibinə daxil edildi.
Şəmkir şəhəri IX-XI əsrlərdə Azərbaycanın şəhər həyatında xüsusi rol oynamışdır. Bu dövrdən bəhs edən bütün qaynaqlar Şəmkirin adını qeyd etmişdir. Bu məlumatları ümumiləşdirən M.Şərifli X əsrin 80-ci illərində tərtib olunan anonim coğrafiya əsəri «Hüduddəlaləm»də Şəmkirin də adının çəkildiyini bildirir. İbn Hövqələ görə isə Şəmkir kiçik, gözəl və vilayət şəhərləri sırasına daxil idi.
Şəmkir şəhərinin Səlcuq dövründə əhəmiyyəti daha da artmışdı. Şəmkir orta əsr Azərbaycan şəhərlərinin ən yaxşı ənənələri əsasında inkişaf edir və böyüyürdü. E. Avalov yazmışdır ki, Bərdə (Arranın başlıca şəhəri, «Arranın anası» hesab edilirdi.-K.Ş.) ilə sıx iqtisadi əlaqələri olan Şəmkir, həm də bu şəhərdə formalaşmış memarlıq cərəyanının təsiri altında olmuşdur. Şübhə yoxdur ki, Şəmkirdə Arran memarlıq məktəbinə xas olan memarlıq istiqaməti inkişaf etmişdir. Aydındır ki, bu təsirlər təkcə ayrı-ayrı binaların ucaldılması ilə məhdudlaşmır, şəhərsalma inkişafının səciyyəvi xüsusiyyətlərində də özünü göstərirdi.
Şəmkir şəhərinin plan quruluşunda «Şəmkir minarəsi» , yaxud «Şəmkir sütunu» önəmli yer tutur. 1970-ci ildə abidənin kitabəsi aşkar edilmiş, onu tədqiq edən M.Nemətova kitabəni (ərəb dilində kufi xətti ilə yazılmışdır) oxumağa nail olmuşdur.Kitabənin tərciməsində deyilir: «Allahın adıyla. Bu gözətçi bürcinün, yüksək Allahın qüdrəti ilə binə olunmasına və onun istəyi və onun mühafizəsi və tam himayəsi altında, mömin şeyx m.1.b. Afşin (ya Akşin) öz malı ilə mühafizə binələrin silsiləsindən dörd yüz doxsan üçünci ildə» . M.Nemətova buradan belə nəticəyə gəlmişdir ki, kitabəyə əsasən minarənin bina olunma tarixi XII-XIII əsrin əvvəllərinə deyil, hicri tarixi ilə 493-ci ilə (miladı 1099-1100-ci illər) təsadüf edir.
Abidə hərbi və ya memarlıq əhəmiyyəti ilə birgə, bir sıra siyasi və iqtisadi problemləri də aydınlaşdırmağa imkan verir. Əslində bu abidə müəyyən siyasi-iqtisadi potensiala malik olan şəhərdə bina oluna bilərd
Azərbaycan Atabəylər dövləti (1136-1225-ci illər) bütün ölkə kimi, Şəmkirin də həyatında müəyyən iz buraxmışdı. Bu dövrdə gürcülərin Azərbaycan torpaqlarına qarşı təcavüzkar planları genişlənmişdi.Atabəylərə qarşı gürcü- Şirvan ittifaqı yaranmışdı. Müttəfiqlər Atabəy Əbu Bəkrin (1191-1210) qardaşı Əmir Əmiranla mübarizəsində Əmir Əmiranı müdafiə etdilər. 1194-cü ildə Şəmkir yaxınlığında baş verən döyüşdə Əbu Bəkr məğlubiyyətə uğradı. Z.Bünyadov Atabəylər dövründə Gəncə, Naxçıvan, Beyləqan, Bakı, Təbriz kimi şəhərlərdən bəhs etdikdən sonra yazmışdır: «Eldənizlər dövründəki Azərbaycan və Arranın başqa şəhərləri haqqında yazılı mənbələrdə məlumat bir qayda olaraq olduqca qısadır. Lakin bu şəhərlərdən hər birinin özünə məxsus xüsusiyətləri və yalnız bir şəhərə xas olan peşə və sənətlər var idi. Məsələn, Bərdədən ipək və nar, Salmasdan zərxara, kətan və mis qablar, Şabrandan ipək, Şamxordan gil qab, bıçaq ixrac olunurdu».
Atabəylər Dövlətinin süqutundan sonra digər Azərbaycan torpaqları kimi, Şəmkir də Xarəzmşah Cəlaləddinin hakimiyyəti (1225-1231) altına düşdü. V. Piriyev yazmışdır: «Cəlaləddin Təbriz müdafiəçilərinin müqavimətini qırıb feodalların köməyi ilə 1225-ci il iyulun 25-də şəhəri tutdu… Atabəylərin Gəncədəki canişini Cəmaləddin əl-Qumi də şəhəri Cəlaləddinin sərkərdəsi Ur-xana təslim etdi: Ur-xan həmçinin Arranın bir sıra şəhərlərini (Beyləqan, Bərdə, Şəmkir, Şutur) tutdu».
Lakin Cəlaləddinin ağalığı uzun sürmədi. O, 1231-ci il Gəncə üsyanından sonra Azərbaycana yeni yürüş təşkil edən monqollara məğlub oldu.
Monqol işğalları ilə Azərbaycan tarixində yeni dövr başladı. Onlar Marağa və Təbrizi tutduqdan sonra Gəncəyə hücum etdilər. Gəncə kəskin müqavimət göstərdi. Buna baxmayaraq şəhər 1235-ci ildə tutuldu.
Gəncədə olduğu kimi Şəmkirdə də monqollara ciddi müqavimət göstərildi. «Monqollar şəhərə hücum etdikləri vaxt şəmkirlilər şəhər hakimi Bəhramdan düşmənə qarşı mübarizə aparmasını tələb etdilər . Lakin, Bəhram buna razı olmadı . Monqollar Şəmkiri mühasirəyə alıb şəhər ətrafındakı xəndəklərə odun və saman dolduraraq qala divarlarına qalxmağa çalışdılar. Şəmkirlilər bundan xəbər tutub gecə ikən samana od vurub yandırdılar. Şəhərə can atan monqol noyonu Molar xəndəkləri qum ilə doldurtdu və bu üsulla monqollar atəşi söndürərək şəhərə soxula bildilər. Nəticədə Şəmkir yandırıldı, onun sakinləri qılıncdan keçirildi… Monqollar Azərbaycanın Bakı , Tovuz və s. şəhərlərini də zəbt etdilər. 1239- cı ildə Dərbənd şəhərinin tutulması ilə bütün Azərbaycan monqollar tərəfindən istila olundu».
Monqollar iqtisadi sahədə «örüş siyasəti»nə, yəni maldarlığın inkişafına əsas diqqət verdiyindən şəhər həyatına biganə idilər. Ona görə də Azərbaycanın bir sıra şəhərləri kimi Şəmkir şəhəri də monqol hakimiyyəti dövründə bərpa edilmədi. Bu zamandan etibarən, Şəmkir adı köhnə şəhər ərazisi ilə birgə bölgəyə şamil edilməyə, daha çox coğrafi anlayış xarakteri daşımağa başlamışdı, yalnız sonralar yeni salınmış yaşayış məskəninə bu tarixi ad verilmişdi.
Şəmkir və ətrafı XV əsrdə Qaraqoyunlu (1410-1468), sonra Ağaqoyunlu (1468-1501) dövlətlərinin tərkibinə daxil olmuşdu. Azərbaycan Səfəvi dövləti yarandıqdan sonra (1501) Şəmkir ətrafı torpaqlar Gəncə-Qarabağ əyalətinə daxil edilmişdi. Şəmkir mahalı Zülqədər tayfa başçılarının irsi hakimiyyətinə keçmişdi. Səfəvilərlə Osmanlılar arasında 1578-1590-cı illər müharibəsi Səfəvilərin məğlubiyyəti ilə başa çatmış, tərəflər arasında İstanbul müqaviləsi bağlanmışdı. Müqavilənin şərtlərinə görə Şəmkir ətrafı torpaqlar Osmanlı imperiyasına keçmişdi. Osmanlılar 1593-ci ildə Gəncə-Qarabağ əyalətinin «icmal dəftəri»ni tərtib etmişdilər. Həmin məlumatlara görə Şəmkir Aran nahiyəsi Gəncə sancağına daxil edilmişdi.
Lakin Şah Abbasın (1587-1629) dövründə Osmanlı dövləti tərkibindəki Azərbaycan torpaqları yenidən geri qaytarılmışdı.
Gəncə-Qarabağ əyaləti növbəti dəfə XVIII əsrin birinci rübündə Osmanlı dövlətinin tərkibinə daxil edilmiş, 1727-ci ildə burada «Gəncə Qarabağ əyalətinin müfəssəl dəftəri» tərtib edilmişdi. Gəncə qəzası tərkibində Şəmkürbasan nahiyəsi ayrılmışdı. «Müfəssəl dəftər» nahiyənin yaşayış məskənləri haqqında qiymətli məlumat verir.
Səfəvilərin varlığının son dövründə yüksələn Nadir Gəncə Qarabağ torpaqlarını almağa nail oldu. O, 1736-cı il şah «seçkisi»ndən sonra Gəncə hakimi Ziyadoğlulara zərbə vurmağı qərara aldı . Bu məqsədlə Qazax, Şəmkir və Şəmşəddil mahalları Gürcüstan valisinə tabe edildi.
Nadir şahın ölümündün sonra (1747-ci il) Azərbaycanda xanlıqlar dövrü başladı.Gəncə və Azərbaycanın digər xanlıqları qeyd olunan mahallarda hakimiyyətini qurmağa çalışırdı. Şəki xanı Hacı Çələbi 1752-ci ildə gürcü çarı İraklini məğlub edib, buna nail ola bilmişdi.
XVIII əsrin sonları - XIX əsrin əvvəllərində Cənubi Qafqazda Rusiya işğalları başladı. 1801-ci ildə çar I Aleksandrın (1801-1825) manifesti əsasında Şərqi Gürcüstanla birlikdə Borçalı, Qazax və Şəmşəddil sultanlıqları Rusiyaya ilhaq edildi. Gəncə xanlığının torpaqlarını ələ keçirmək uğrunda mübarizə başladı. Qafqazdakı Rus qoşunlarının baş komandanı P.Sisianov Gəncə ətrafı Azərbaycan torpaqlarını, o cümlədən Şəmkiri ələ keçirdi. (Rusiya işğalının ilk dövrlərindən etibarən rəsmi sənədlərdə Şəmkir adı əvəzinə Şamxor üstünlük təşkil edir. Bu hal 1991-ci ildə Şəmkir adının bərpasınadək davam etmişdir. Ona görə də rəsmi sənəd və qaynaqların əhəmiyyətini nəzərə alaraq, bu müddətdə şərti olaraq, Şamxor adı saxlanır.) Sisanov buradan Gəncəli Cavad xana hədələyici məktublar yazmaqda davam etdi. 1803-ci il noyabrın 29-da Cavad xana, 30-da isə Azərbaycana xəyanət etməyə hazır olan Gəncədəki erməni ünsürlərinə məktubla müraciət edildi.
Cavad xan Sisianovun bütün məktublarına məntiqi, tarixi faktlarla əsaslandırılmış cavab verdi və torpaqlarını döyüşsüz təhvil vermədi. Gəncə 1804-ci ilin yanvarında işğal edildi. Gəncə xanlığı ləğv edildi, şəhərin adı dəyişdirilərək Yelizavetpol, xanlığın torpaqları isə Yelizavetpol dairəsi adlandırıldı. Şamxor da Yelizavetpol dairəsinə daxil edildi. Dairə altı mahala (Qorsk, Şamxor, Kürəkbasan, Gəncəbasan, Samux, Ayrım) bölünürdü.
Lakin az bir müddət sonra Azərbaycan torpaqlarında Rusiya işğal rejiminə qarşı üsyan başladı. Tarixə 1826-cı il Ümummüsəlman üsyanı kimi daxil olmuş həmin hadisələr zamanı Gəncədə yerli hakimiyyət bərpa olundu. Belə bir vəziyyətdə Rusiya ilə İran arasında müharibə yenidən başladı. İran qoşunlarının tezliklə Şamxoradək irəliləməsi təsadüfi deyildi. Tərəflər arasında həlledici döyüşlərdən biri 1826-cı ilin sentyabrında Şamxor yaxınlığında oldu, bu döyüşdə ruslar qalib gəldilər.
Tarixi qaynağın məlumatına görə 1831-ci ildə Şamxor mahalında 688 evi olan yeddi kənd var idi.
Çar Rusiyası dövründə Şamxorun həyatında daha bir mühüm hadisə baş verir. Cənubi Qafqaza köçürülən almanların bir hissəsi Şəmkir ərazisində yerləşdirilir və orada alman koloniyası - Annenfeld (indiki Şəmkir şəhəri ərazisi) salınır. Sonralar həmin koloniyalar əsasında yeni alman məskənləri meydana gəlmişdi.
XIX-XX əsrin əvvəllərində Şamxor ətrafı kəndlər Azərbaycanın sosial-iqtisadi və mədəni həyatında özünə məxsus yer tutmuşdu. Burada çar Rusiyası əleyhinə çıxışlar olmuşdu.
1917-ci ilin oktyabrında Rusiyada bolşeviklərin dövlət çevirilişindən sonra Şimali Azərbaycanda milli azadlıq hərakatı daha da genişlənmişdi. O, zaman Cənubi Qafqazda Zaqafqaziya Komissarlığı adlı hakimiyyət orqanı yaradılmışdı. Onun tələbi ilə bölgəni tərk edən Rusiya hərbi hissələri silahlarını təhvil verməli idilər. Hərbi eşalonların Şamxor yaxınlığında tərksilah edilməsi qərara alınmışdı. Tərksilah nəticəsində Qafqaz cəhbəsini tərk edən rus ordusundan müəyyən qədər silah-sursat ələ keçirilmişdi.
Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu hadisənin mahiyyəti uzun müddət tarixi ədəbiyyatda təhrif edilmişdi.
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi, 1918-ci il mayın 28-də Azərbaycan Cimhuriyyətinin elan edilməsi bütün ölkənin, o cümlədən Şamxorun həyatında böyük hadisə oldu. Əslən Şamxordan olan məşhur şair Əhməd Cavadın (1892-1937) poeziyası istiqlaliyyət dövrünün simvoluna çevrildi.
Azərbaycan Cimhuriyyəti Şamxorun əhəmiyyətini nəzərə alaraq, xüsusi Şamxor qəzası təsis etməyi qərar aldı. Bu məsələ parlamentin 1920-ci il 22 aprel iclasında müzakirə edilmiş və bu barədə beş maddədən ibarət xüsusi qanun qəbul olunmuşdu. Birinci maddədə onun Gəncə qəzasının qərb hissəsində və keçmiş Novobayazet (Yeni Bayazid) qəzasının ona bitişik hissələrində yaradıldığı göstərilirdi. Qəza idarəsi Zəyəm stansiyasında yerləşməli idi. İkinci maddəyə görə yeni təsis edilmiş Şamxor qəzasına 34 kənd icması verilməsi nəzərdə tutulurdu. Bunlar Qaracəmirli, Georgiyevsk, Alabaşlı, Seyfəli, Annino, Dəllər, Keçili, Morul, Quşçu, Zəylik və b. idi. Sonrakı maddələr Şamxor qəza idarə sisteminin təşkili və maliyyə məsələlərinə həsr edilmişdi. Şamxor qəzası 1930-cı ildə həyata keçirilən rayonlaşma prosesində ləğv edilmiş və Şamxor rayonu təşkil olunmuşdu.
1938-ci ildə Annenfeld adı dəyişdirilərək Şamxorla əvəz olundu.
Şamxor qəzası 1920-1930-cı cı illərdə Azərbaycan SSR-in sosial-siyasi, iqtisadi və mədəni həyatında mühüm yer tutmuşdur. Şamxor antisovet çıxışların mərkəzlərindən biri olmuşdu. 1930-cı il martın 17-18-də Şamxorun Bitdili kəndində (hazırda Yeniabad kəndi) «Bitdili qiyamı» ilə məlum olan çıxış baş vermişdi . Bununla birgə 1930-cı illərin repressiyası da Şamxordan yan keçməmişdi.
İkinci dünya müharibəsi illərində şəmkirlilər faşizmə qarşı mübarizədə böyük qəhrəmanlıqlar göstərmişlər. Azərbaycanın ilk Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədov (1919-1946) əslən şəmkirli idi. Sovet dövləti isə Şəmkirdə məskunlaşmış almanları buradan deportasiya siyasətinə əl atmışdı. 1941-ci ilin sentyabr-oktyabr aylarında almanlar buradan sürgün edilmişdi.
Azərbaycan xalqının, Bakı neftinin faşizim üzərində qələbəyə böyük töhvələr verməsinə baxmayaraq, müharibədən sonrakı illərdə Ermənistan adlandırılan Qərbi Azərbaycan torpaqlarından Azərbaycanlıların deportasiyası başladı. 1948-1953-ci illərdə yüz mindən çox Azərbaycanlı doğma dədə-baba torpaqlarından faktik olaraq sürgün edildi. Belə bir ağır dövrdə Azərbaycan SSR-dəki bütün Azərbaycanlılar, o cümlədən şəmkirlilər doğma bacı-qardaşlarını qonaqpərvərliklə qarşıladılar.
Şamxorun geniş sosial-iqtisadi potensialına baxmayaraq, müharibədən sonrakı dövrdə ondan kifayət qədər istifadə olunmurdu. Bu sahədə əsaslı dönüş ümummilli lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərlik dövründə (1969-1982-ci illər) başladı. Şamxorda xalq təsərrüfatının bütün sahələrində canlanma başladı.
Şamxor SES silsiləsinə daxil olan Şamxor və Yenikənd SES-lərin tikilməsi və istifadəyə verilməsi Heydər Əliyevin Azərbaycan strategiyasının mühüm tərkib hissələrindəndir. Şamxor SES-də birinci aqreqat 1982-ci, ikinci isə 1983-ci ildə işə salınmışdır. 1984-ci ildən isə Yenikənd SES-in tikintisinə başlanmışdır. Bu tikintilər sayəsində 7.000 əhalisi olan Kür qəsəbəsi salınmışdır. Qəsəbədə sosial obiyektlərlə yanaşı, ümumi yaşayış binaları, cihazqayırma və kabel zavodları tikilmişdir.
Heydər Əliyevin 1982-ci ildən yüksək dövlət vəzifəsində - SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində olduğu dövrlərdə də bütün Azərbaycan, o cümlədən Şamxor rayonunun inkişafı daima onun diqqət mərkəzində olmuşdu.
Heydər Əliyevin Sovet dövlət rəhbərlərindən biri kimi vəzifəsindən uzaqlaşdırılması Azərbaycanı yeni təhlükələrlə üzləşdirdi. 1980-ci illərin sonlarında ermənilərin Qarabağı Azərbaycandan qoparmaq uğrunda separatçı hərəkəti genişlənməyə başlandı.Lakin Azərbaycan rəhbərliyi bu təhlükələri dəf etməyə hazır olmadı. Bu zaman xalq öz sözünü dedi. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə başladı. Bu mübarizədə rayondan 269 nəfər şəhid, 145 nəfər isə əlil oldu. Abdıyev Tariyel 1990-cı il 20 yanvar hadisələrində şəhid oldu. Şəmkirdən iki nəfər- Aznavurov İskəndər(1995-ci il 15 yanvar) və Sarıyev Zaur (1995-ci 4 aprel) Azəbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. 1948-1953-ci illər deportasiyasında olduğu kimi, 1980-ci ilin sonlarından Ermənistanın bütün beynəlxalq hüquq və normalara zidd olaraq həyata keçirdiyi etnik təmizləmə və genosid siyasəti nəticəsində rayona pənah gətirən Qərbi Azərbaycanlılara böyük qayğı göstərildi, onların rayon ərazisində məskunlaşdırılması təmin edildi. Erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarının işğalı zamanı doğma yurdlarını tərk edən məcburi köçkün və qaçqınlara eyni münasibət göstərildi. Hazırda rayon ərazisində 12. 240 nəfər qaçqın, 1910 nəfər məcburi köçkün yaşayır.
Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi, SSRİ-nin dağılması və ondan sonrakı ilk dövrlərdə (1991-1993-ci illər) Azərbaycan çətin və mürəkkəb günlər yaşadı. 1991-ci ildə Şəmkir adı bərpa edildi. Lakin əsil köklü dəyişikliklər yalnız xalqın təkidli tələbi ilə Heydər Əliyevin ikinci dəfə Respublika rəhbərliyinə qayıtması ilə (1993-2003) baş verdi. Bu dövrdə rayon sosial-iqtisadi cəhətdən dinamik inkişaf yoluna qədəm qoydu. Rayonun həyatında ən böyük hadisələrdən biri Yenikənd SES-nin tikintisinin başa çatdırılması oldu
H.Əliyevin Respublikaya ikinci rəhbərliyi dövründə bütün ölkədə olduğu kimi Şəmkirdə də torpaq islahatı uğurla həyata keçirildi, kənd təsərrüfatının bütün sahələri üzrə müsbət göstəricilərə nail olundu. Özəlləşdirmə proqramının reallaşdırılmasında uğurlar əldə edildi. Sənaye və sosial obyektlər tikintisində ciddi irəliləyiş baş verdi.
İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi Heydər Əliyev kursunun uğurla davam etdirilməsinə şərait yaratdı. Şəmkir dinamik inkişafını yeni vüsətlə davam etdirir.

Tarix elmləri doktoru, Kərim Şükürov
 

Qeydlər:

Azərbaycan toponimləri. Bakı, 1999
Bünyadov Z.Azərbaycan VII-IX əsrlərdə. Bakı, 1989
Bünyadov Z. Azərbaycan Atabəylər dövləti (1136-1225-ci illər). Bakı, 1985 Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri. Bakı, 2000
Mirzə Adıgözəlbəy. Qarabağnamə// Qarabağnamələr. Birinci kitab. Bakı, 1987
Paşayev A.Köçürmə.Bakı, 1995
Piriyev V.Azərbaycan XIII-XIV əslərdə. Bakı, 2003
Süleymanov M. Azərbaycan ordusu (1918-1920). Bakı, 1998
Şərifli M.X. IX əsrin ikinci yarısı-XI əsrlərdə Azərbaycan feodal dövlətləri Bakı, 1978
Авалов Э.К Воссозданию градостроительной структуру средневекового Шамкура // Изв. АН Азерб.ССР.Сер. лит., языка и искусства. 1980, № 4
Административное деление АССР. Баку, 1933
Азербайджанская Демократическая Республика (1918-1920). Законодательные акты. (Сб.док.). Баку, 1924
Акты Кавказской Археографической Коммиссии. т.II, док. 1172
Ал-Балазури. Книга завоевания стран. Текст и перев. П.К.Жузе. Баку, 1927
Ал-Истахри. Книга путей и государств. Перев. Н.А.Караулова. // СМОМПК, Тифлис, 1901, Вып. 29
Ализаде А.Социално-экономическая и политическая история Азербайджана ХIII-ХIV вв. Баку, 1956
Ахундова Т.Немецкие колонии в Азербайджане (ХIХ-начало ХХ вв.) АКД., Баку, 2004
Ибрагимов Н. Немецкие страницы истории Азербайджана (ХIХ – начало ХХ вв.) Баку, 1995
Обозрение Российских владений за Кавказом. ч. II, СПб., 1836
Потто В.А.Кавказская война. т. 3. Ставрополь, 1993