XIX əsr təbəqəsindən altda IX-X əsrlərin mədəni təbəqəsi yerləşir. IV qazıntı sahəsində, 8 c-e – 11 c-e kvadratlarında orta əsr mədəni təbəqə yatımında qalınlığı 2 metrə çatan çaydaşı və çınqıl qatı təbəqəsi qeydə alınıb. 8 d-e – 9 d-e kvadratlarında 2,5 – 2,8 m dərinlikdən başlayaraq kül, keramika məmulatı fraqmentləri, osteoloji materiallar, bişmiş kərpic qırıqları ilə zəngin açıq qəhvəyi torpaqla səciyyələnən təbəqə başlayır.
.jpg)
Bu təbəqədə bütöv kərpiclərə də rast gəlinir. Onların ölçüləri 23x23x5,5 sm, 23x23x5,8 sm, 24x24x5,5 sm-dir. Orta əsr təbəqəsində aşkar olunmuş kub şəkilli tikililər diqqətəlayiqdir. Onlardan birincisi 11e və 12e kvadratlarının qovşağında yerləşir və 168 sm x 168 sm ölçüdədir. Təmizlənib üzə çıxarılmış hündürlüyü 1,4 m-dir. Hörgünün üst cərgələri bişmiş kərpicdən (90 sm), alt cərgələri çiy kərpicdəndir. İkinci kubvarı tikinti 210sm x 210sm ölçüdə olub 4,8 m birincidən cənubi-şərqdə 10d kvadratında yerləşir. Təmizlənib üzə çıxarılmış hissənin hündürlüyü 1,75 m-dir. Ondan 3,4 m cənubda növbəti kubvarı tikili yerləşir. O 200sm x 200sm ölçüdədir. Hazırda hündürlüyü 1,75 m-dir. Qeyd etmək lazımdır ki, bu tikintinin ətrafından (2,8-3,9m dərinliklərdə) çoxlu saxsı məmulatı fraqmentləri, şüşə qab qırıqlar, xüsusilə bilərziklər aşkarlanıb. Sonuncular arasında yerli istehsalı təsdiqləyən deformasiyaya uğramış nüsxələr də vardır.
.jpg)
V qazıntı sahəsində şəhristanın, yəni şəhərin özünün şərq divarının tədqiqi davam edir. Yeni aşkarlanmış bürclər arasında məsafə 12,5 m-dir.

Tağlı açırımları olan tikilinin tədqiqi göstərir ki, şimal tağın açırımının eni 1,45-1,6 m-dir, hündürlüyü isə 1,8 m-dir.


Bu tikinti ilə şəhər qalasının bürcü arasında səki vardır. Onun uzunluğu 168 sm, eni 92 sm-dir. Səkinin bayır tərəfinə əhəng çəkilib.

Tapıntılar adi və şirli saxsı qab, metal məmulatı, şüşə qab və bilərzik nümunələri, sümük düymə, mis sikkələrlə təmsil olunub.

|