Torpaq yolun yerləşdiyi 6K, 7K kvadratlarında qazıntılar müvəffəqiyyətli oldu. Burada şəhristanın şərq divarının daha bir bürcü aşkarlanaraq təmizlənib.

2 saylı bürcün qalıqlarının diametri 3, 9 m, hündürlüyü 3 m-dən artıqdır.Tağlı açırımlı tikilinin arxeoloji tədqiqi də uğurlu olmuş, onun planını, konstruktiv xüsusiyyətlərini dəqiqləşdirməyə imkan verən olduqca maraqlı nəticələr əldə edilib.

Müəyyən olunmuşdur ki, bu kompleks 2 və 3 saylı bürclər arasındakı sahədə ucaldılıb. Bu tikintinin 6K kvadratında daha bir tağlı açırımının qalıqları aşkarlanaraq öyrənilib. Həmin açırımın tağı 2 saylı bürcün hörgüsünə qatılmışdı. Qazıntılar həm də əvvəlki çöl tədqiqatlarından məlum olan digər iki tağlı açırımın görünüş və ölçülərini dəqiqləşdirməyə imkan vermişdir. Onlardan cənub açırımının eni 1,9 m, hündürlüyü 2,6 m, tağ hörgüsü ilə birlikdə 3,15 m-ə çatır. Şimal açırımının eni 1,8 m, hündürlüyü 2,45 m, tağ hörgüsü ilə birlikdə 2,8 m-ə çatır. Kompleksin şərq divarının təmizlənməsi göstərdi ki o yuxarıya doğru tədricən daralır. Bu divar 1,73 m hündürlükdə yalnız çaydaşlarından hörülüb. Ondan yuxarıda isə hörgü bişmiş kərpiclə icra edilib. Kompleksdə divarlar boyunca səki yerləşir. O çaydaşından və az miqdarda bişmiş kərpicdən hörülüb. Tikilinin içərisində səki hər iki divar boyunca inşa edilib, onların arasındakı məsafə 1,73 m-dən 1,95 m arasında dəyişir. Səkinin təmizlənmiş divarlarının hündürlüyü 30-40 sm təşkil edir.
Oktyabr ayının tapıntıları arasında fonu qazaraq naxış işləmələrini üzə çıxarmaq üsulu ilə bəzədilmiş polixrom saxsı boşqab, yüksək bədiiliyi ilə fərqlənən daş məmulat qeyd oluna bilər.
IV və V qazıntı sahələrində çöl-tədqiqat mövsümünün başa çatması ilə əlaqədar mühafizə məqsədi daşıyan tədbirlər həyata keçirilib. Təndirlərin, quyuların, çiy kərpicdən hörülmüş divar qalıqları polietilen örtüklə örtülərək üzəri torpaqlanmışdır. Çöl tədqiqat işlərundə 2010-cu ilin aprelinədək fasilə geniş miqyaslı qazıntılar nəticəsində toplanmış arxeoloji materialların işlənməsi və elmi dövriyyəyə daxil edilməsi üçün zəruridir.

|