Bunun qarşısını almaq məqsədi ilə 2009-cu ilin çöl–tədqiqat mövsümündə Azərbaycan arxeologiyasında yeni bir ənənənin təməli qoyulmuş, arxeoloji qazıntılar zamanı üzə çıxarılan, uçmaq təhlükəsi qarşısında olan tikililərin konservasiya işlərinə başlanmışdır. İlk olaraq bu işlər daha güclü dağıntıya məruz qalan, təcili konservasiya işlərinə ehtiyac duyulan narınqalanın şərq divarının mərkəzi bürcündə yerinə yetirilib. Bu bürcün qalıqlarının hündürlüyü bünövrədən ciy kərpic hörgüyə qədər 7,7 m-dir. Arran memarlıq məktəbi üçün səciyyəvi olan, çaydaşı, bişmiş kərpic və ağ, puç daşdan istifadə etməklə qarışıq hörgü üsulu ilə inşa olunmuş bürcün hörgüsünün aşağı cərgələri 1,5-1,6 m hündürlüyə qədər tam salamat qaldığı halda orta hissədə dağıntı olduqca böyük idi. Bəzi yerlərdə uçqun qatının dərinliyi 1 m-dən artıq idi. Bürcün hörgüsünün yuxarı cərgələrinin də uçmaq ehtimalı vardı. Bunun qarşısını almaq məqsədi ilə koncervasiya işlərinə məhz mərkəzi bürcdə başlanıldı. Konservasiya işlərinə başlamazdan əvvəl onun plan quruluşu, konstruktiv xüsusiyyətləri, inşaat texnikası və inşaat materialları ətraflı araşdırılmışdır. Hörgüdə işlədilən yapışdırıcı məhlunun tərkibi AMEA Geologiya İnstitutunun “Analitik cihaz və avadanlıqlardan kollektiv istifadə mərkəzində” fiziki-kimyəvi, rentgen faza və termiki analiz üsullarından istifadə etməklə müəyyənləşdirilmişdir. Konservasiya işləri layihəsinin icraçısı memar Rəsulağa Mirzəyevdir. Konservasiya işləri arxeoloji qazıntılar zamanı tapılmış inşaat materiallarından - çaydaşı, bişmiş kərpic və ağ, puç daşdan istifadə etməklə aparılıb.


.jpg)
V qazıntı sahəsində üzə çıxarılmış tağlı, açırımlı tikilidə də konservasiya işləri aparılıb. Üç tağlı tikilidən ikisinin tağ hissələri qismən salamat qalmışdı. Həmin qalıqları qorumaq üçün təcili konservasiya işlərinin aparılması zəruri idi. Bu səbəbdən həmin tağlarda konservasiya - bərpa işləri görüldü və onların sonradan uçma təhlükəsi aradan qaldırıldı. Burada şəhər qalasının şərq divarının ikinci bürcünün orta hissəsi güclü dağıntıya məruz qaldığından və üst cərgələrində sonradan uçmaq təhlükəsi böyük olduğundan həmin bürcdə də konservasiya işləri aparıldı.

.jpg)


|