III qazıntı sahəsində aparılan qazıntılar nəticəsində narınqalanın şərq və cənub divarları açılaraq öyrənilib, narınqala istehkamları haqqında yenı dəlillər əldə edilib.
Qala divarlarının qazıntısı geniş sahələrlə, bünövrə isə III qazıntı sahəsinnin ayrı-ayrı kvadratlarında 4x2 m, 2x2 m ölçüdə yoxlama qazıntıların aparılması ilə öyrənilib. Yoxlama qazıntılar narınqalanın bünövrəsinin relyef və qruntun xarakterindən asılı olaraq fərqli olduğunu göstərir. Şimal-şərq bürcdə, III qazıntı sahəsinin 5 saylı kvadratında bünövrə və kürsülük möhkəm və monolit, ikipilləlidir. Mərkəzi bürcdə buna ehtiyac olmamışdır. Belə ki, qrunt burada çox bərkdir. 8-10 sm qalınlığında betona bənzər məhlulla düzləndirərək divar hörgüsü başlanılmışdır.
Bu il narınqalanın şərq divarının tədqiqi III qazıntı sahəsinin 21-40 saylı kvadratlarında aparılib, mərkəzi bürcdən cənuba doğru divarın qalıqları bünövrəyədək hərtərəfli öyrənilib. Tədqiqinə keçən ildən başlanılmış, mərkəzi bürcdən cənubda, 21-25 saylı kvadratlarda narınqala divarının hörgüsünin alt cərgələri daha yaxşı qalmışdır.
26-29 saylı kvadratlarda narınqalanın şərq divarının ikinci divara dayağının (kontrforsun) qalıqları öyrənilmişdir. Düzbucaq biçimli bu divara dayaq 15,3 m uzunluqdadır. Divara dayaq təmizlənərkən qalınlığı 5,8 m təbəqə götürülmüşdür. Qalınlığı 2 m-dən artıq qat yalnız bişmiş kərpiclər və onların qırıqları, ağ yerli puç daşlar və əhəng ovuntusundan ibarət idi. Burada heç bir digər maddi mədəniyyət nümunəsinə rast gəlinməmişdir. Elə təsürat yaranır ki, inşaat materiallarından ibarət bu uçqun qatı qısa zaman kəsiyində, bir neçə gün ərzində əmələ gəlmişdir. Çox ehtimal ki, həmin inşaat materialları töküntüsündən ibarət qat monqol hücumu dağıntısının nəticəsidir.
Divara dayaqla cənub-şərq bürcü arasında üzə çıxarılan divar qalıqları düzxətlidir, 30-34 saylı kvadratlarda hörgü nisbətən yaxşı qalmışdı. Burada divarın salamat qalmış qalıqlarının hündürlüyü 5,7 m-ə çatır və divarın üzlük qatı hörgünün yuxarı cərgələrinə qədər izlənir.
Cənub-şərq bürcünün təmizlənib üzə çıxarılması ilə narınqalanın şərq divarı tamamilə açılmış oldu. O künc bürclərlə, divara dayaqlarla və mərləzi bürclə möhkəmləndirilib. Şimal-şərq bürcdən cənub-şərq bürcünün kənarına qədər şərq divarının uzunluğu 143,5 m-dir.
III qazıntı sahəsinin 38-40 saylı kvadratlarında narınqalanın cənub–şərq bürcünə cənubdan və cənub-şərqdən birləşən divarların qalıqları aşkarlanıb. Onlardan birinin uzunluğu isə 11,25 m, eni 80 sm -dir. Divar çaydaşından hörülüb. Bu divardan 3,4 m qərbdə, bürcdən 5,4 m cənubda, 39 saylı kvadratda bişmiş kərpiclərdən hörülmüş, dördkünc biçimli, 77 x 66 sm ölçüdə sütun qalığı üzə çıxarılıb. Hörgünün dörd cərgəsi salamat qalmışdır. Yuxarıda qeyd olunan divara paralel yerləşmiş divarın qalıqlarının uzunluğu 6,5 m-dir. Eni 90-95 sm-dir. O çay daşlarından, bişmiş kərpicdən, yerli ağ puç daşlardan hörülüb. Köndələninə divar daha çox dağılıb. Həmin divarın altından xristian qəbri aşkarlanıb və təmizlənib.

Cənub divarı tətqiq etmək məqsədi ilə III qazıntı sahəsi 61,5 m uzunluqda, 8 m enində qərbə doğru genişləndirildi və narınqalanın cənub-qərb bürcünə qədər davam etdi. Arxeoloji qazıntılarla müəyyən edildi ki, III qazıntı sahəsinin 37H, 37İ kvadratlarında üzə çıxarılmış narınqalanın cənub divarının qalıqları nisbətən yaxşı qalmışdır. 37 H kvadratında divarın qalıqlarının hündürlüyü 5,6 m təşkil edir.
.jpg)
Cənub-şərq bürcünün qərb tərəfində eləcədə onun qarşısındakı düz xətli divarda 4,2 m hündürlükdə divar 20 sm içəriyə girir. Bu hissə məhlulla səliqə ilə suvanıb. Cənub–şərq bürcündən 13,5 m aralı cənub divarın mərkəzi bürcünün qalıqları aşkarlanaraq təmizlənib. Mərkəzi bürcün diametri 8,6 m-dir. Bu bürcün yaxınlığında daha bir bürc yerləşir. Diametri 9,4 m-dir.İki mərkəzi bürc arasındakı məsafə 2 -2,5 m-dir. Daha çox dağılmış birinci mərkəzi bürcdən qərbə təmir və yenidənqurma işləri aydın müşahidə olunur. İkinci mərkəzi bürclə narınqalanın cənub-qərb bürcünün arasındakı məsafə 15,2 m-dir. Bu sahədə divarın təmizlənmiş qalıqlarının hündürlüyü 6,4m ilə 6,6 m arasında dəyişir.Qeyd edək ki, cənub divarı boyunca III qazıntı sahəsinin kvadratlarında mədəni təbəqənin qalınlığı 2,6 m-dən 6 m-dəkdir.
III qazıntı sahəsinin 38L-38N kvadratlarında, narınqalanın cənub divarının qarşısında ona paralel, əsasən çaydaşı və bişmiş kərpicdən hörülmüş, eni 1,1 m olan divar qalığı aşkarlanıb. Onun uzunluğu 9,2 m-dir. Divar qalıqlarının hüngürlüyü 1,2 m-ə çatır. Şərq tərəfdə, 38L kvadratında o cənub-şərqə dönür və 2,4 m-dən sonra qazıntı divarının altına keçir. Divar cənuba döndükdən sonra Arran memarlıq məktəbi üçün səciyyəvi olan qarışıq hörgü üslubunda salınmış üzlüklə bəzədilmişdir.

37-38N kvadratlarda yerin relyefinin kəskin dəyişməsi müəyyənləşdirilib. 37 N kvadratının orta hissəsi ilə qərb kənarı arasında relyef fərqi 75 sm təşkil edir. Burada eniş çaydaşları ilə döşənərək üstünə tərkibində qırmadaş olan əhəngli məhlul tökülərək hamarlanmışdır.
Beləliklə, III qazıntı sahəsində aparılan tədqiqatlar narınqalanın şərq və cənub divarlarının plan quruluşuna, konstruksiyasına, inşaat texnikasına və memarlıq bəzəklərinə dair çox qiymətli zəngin maddi dəlillər vermiş oldu.
2009-cu ildə narınqalanın içərisində, IV qazıntı sahəsində aparılan qazıntılar da intensiv xarakter daşımışdır. Narınqalada üzə çıxarılmış içqalanın tədqiqi, onun şərq divarının arxeoloji öyrənilməsi davam etdirilmişdir. Məlum olmuşdur ki, o yarımdairəvi künc bürcləri və düzbucaq biçimli mərkəzi bürclə möhkəmləndirilmişdir. Hörgünün alt cərgələri çaydaşından gəc məhlulla, üst cərgələri isə ciy kərpicdən hörülüb. Şərq divarında təmir zamanı ciy kərpicdən hörgüyə bişmiş kərpiclərlə üzlük çəkilib. Daş hörgüdən kərpic hörgüyə keçiddə antiseysmik təyinata malik ağac qurşağın qalıqları qeydə alınıb. Şimal-şərq bürcünü və ona bitişik şərq divarını möhkəmlətmək məqsədi ilə 1,15 m enində divara əlavə hörgü hörülmüşdür. 90-95 sm hündürlüyədək hörgü çaydaşından, ondan yuxarıda isə çiy kərpiclə hörülmüşdür.


IV qazıntı sahəsində, 8C-E - 11C-E kvadratlarında orta əsr təbəqəsində qalınlığı 2 m-dən artıq olan çaydaşı və çınqıl qatından ibarət təbəqə qeydə alınıb. Bu təbəqədə maddi mədəniyyət qalıqlarına, demək olar ki rast gəlinməmişdir. Yalnız 10D kvadratında 1,6-1,8 m dərinliklərdə diametri 15-16 sm olmuş tirin qalıqları üzə çıxarılıb. 8E kvadratında isə diametri 25 sm-ə çatan dirək yeri aşkarlanıb. Onun dərinliyi 96 sm idi. Bu təbəqədən altda 2,5 –2,8 m dərinlikdən kül, kömür qatları, şirsiz və şirli saxsı qab qırıqları, metal və şüşə məmulatı, heyvan sümükləri ilə zəngin qat başlayır. Kubvari tikililər xüsusi maraq doğurur. Onlardan birincisi 11E və 12E saylı kvadratların qovşağında yerləşir, 1,68 x1,68 m ölçüdədir. Hörgünün üst cərgələri bişmiş kərpicdən, alt isə çiy kərpicdəndir. İkinci kubvari tikinti 2,1 x2,1 m ölçüdə olmaqla 10D kvadratında birincidən 4,8 m cənub-şərqdə yerləşir. Onun təmizlənmiş hörgüsünün hündürlüyü 1,75 m – dir. Ondan 3,4 m cənubda daha bir kubvari tikinti qalığı aşkarlanıb. 2x2 m ölçüdə olan həmin tikintinin təmizlənmiş hörgüsünün hündürlüyü 1,8 m təşkil edir. Bu tikintilərin, xüsusilə üçüncü kubvari tikinti təmizlənməsi zamanı ətrafından küllü miqdarda IX-X əsrlərə aid şirsiz və şirli saxsı, şüşə və metal məmulatı aşkarlanmışdır.
V qazıntı sahəsində də arxeoloji tədqiqatlar uğurlu olmuşdur. Məlum olduğu kimi V qazıntı sahəsi iki yaruslu olması ilə digər qazıntılardan fərqlənir (1). Yuxarı yarusda aparılan arxeoloji qazıntılar nəticəsində narınqala və şəhristan qala divarlarının sıx yaxınlaşaraq dar dəhliz yaratdıqları sahənin XI-XII əsrlərdə çaydaşları və bişmiş kərpic parçaları ilə döşənməsi müəyyənləşdirilib. Bu məqsədlə həm də bişmiş kərpic istehsalında əmələ gələn tullantılar da istifadə olunmuşdu. Çaydaşları və kərpic parçaları sıx döşəndikdən sonra aralardakı boşluqlara bişmiş kərpic ovuntusu və çınqıl tökülərək bərkidilmişdir.
Su təchizatı ilə bağlı ovdan-bulaq tipli yeraltı tikili diqqətəlayiqdir. O 21x21x5 sm, 22x 22x 5 sm ölçüdə bişmiş kərpiclərlə əhəngli məhlulda inşa edilib. Bu tikilinin giriş açırımı planda dördbucaqlıya yaxın formada olub şimal-cənub istiqamətinda 1,4 m, şərq-qərb istiqamətində 87-94 sm ölçüdədir. Şimaldan ovdan-bulağa 13 pillədən ibarət pilləkən aparır. Ovdan-bulağın dibi aşkarlandığı XI-XII əsrlər döşəməsi səviyyədən 4,9 m aşağıda idi. Ovdanda hündürlüyü 1,95 m, dərinliyi 80 sm, tağlı taxça düzəldilmişdir . Ovdanın havasının təmizlənməsi üçün şərq divarında tünglərdən quraşdırılmış yelçəkən var. Ovdan-bulağın dibi mərkəzində üstü bişmiş kərpiclərlə səkkizkünclü formada hörülmüş iri küp yerləşdirilmişdi. Su ovdana tünglərdən quraşdırılmuş kəmər vasitəsi ilə bulaqdan gətirilirdi.
.jpg)
.jpg)
V qazıntı sahəsinin aşağı yarusunda şəhər qalasının şərq divarının üzə çıxarılması üzrə çalışmalar davam etdirilib. Nəticədə cənub-şimal istiqamətində divar qalıqları 67,2 m məsafədə üzə çıxarılıb. Divarın bu hissəsi dörd yarımdairəvi bürclə möhkəmləndirilib.Bürclərin diametri 3,8 -4,6 m-dir.
.jpg)
Şəhər qalasının şərq divarı Arran memarlıq məktəbi üçün səciyyəvi olan qarışıq hörgü ilə-çaydaşı, bişmiş kərpic və ağ puç daşdan istifadə etməklə hörülüb.
İkinci və üçüncü bürclər arasında, bürclərdən 1,65 m aralı tağlı, açırımlı tikinti qalıqları aşkarlanıb. Uzunluğu 5,65 m, 4,5 olan bu tikili şəhər qala divarına birləşdirilib. O şəhərin divarına birləşir, yəni qala divarı onun qərb divarını təşkil edir. Kompleksin şərq divarı 1,73 m hündürlüyədək yalnız çaydaşından hörülüb, hörgünün üst cərgələri bişmiş kərpiclərlə icra olunub. Divar yuxarıya doğru daralır. Şimaldakı tağlı açırımın eni 1,8 m, hündürlüyü 2,45 m-dir, Tağ hörgüsü ilə birlikdə tikilinin hündürlüyü 2,8 m-ə çatır. Cənubdakı açırımın eni 1,9 m, hündürlüyü 2,6 m, tağ hörgüsü ilə birlikdə isə tikilinin burada hündürlüyü 3,15 m təşkil edir. Bu tikintinin cənub açırımı qarşısında isə çəp, qiblə istiqamətində quraşdırılmış üçüncü bir tağlı açırım qalığı üzə çıxarılıb. Onun tağının cənub-qərb dayağı şəhər divarının ikinci bürcünə geydirilmişdir. Bu kompleksin divarları boyunca çaydaşı və qismən bişmiş kərpicdən düzəldilmiş səki vardır. Kompleksin içərisində səki hər iki divar boyunca inşa edilib və onların arasındakı məsafə 1,73 m ilə 1,95 m arasında dəyişir. Səkinin təmizlənmiş hissəsinin hündürlüyü 30-40 sm –dir. Səki tağlı tikintinin cənub açırımı ilə şəhər qalasının şərq divarının 2 saylı və kompleksin şimal açırımı ilə 3 saylı bürcləri arasında da davam edir.

2009-cu ilin çöl tədqiqat mövsümündə VI qazıntı sahəsi şimala, cənuba və qərbə genişləndirilmiş, onun sahəsi 400 kv.m-ə çatdırılmışdır. Burada qalınlığı 40-50 sm təşkil edən üst mədəni təbəqə XIX əsrə, ondan aşağıda isə orta əsrlər təbəqəsi yerləşirdi. Mədəni təbəqə yatımı əsasən 1,8-2 m dərinliyə qədər tədqiq olunmuş, XI-XIII əsrlər təbəqəsi tədqiqata cəlb edilmişdir. Orta əsr təbəqəsində isə yaşayış evlərinin qalıqları, ocaqlar və təndirlər üzə çıxarılıb təmizlənmişdir. Qazıntı sahəsinin cənub tərəfində aşkar edilmiş təndirin ətrafı çaydaşları ilə döşənmişdir. İri ölçülü tava daş isə səliqə ilə yonulub hamarlanması ilə diqqəti cəlb edir. Görünür, ondan biş-düş prosesində istifadə olunmuşdu. Qazıntının şərq tərəfində iki otaqlı binanın qalıqları üzə çıxarılmışdır. Qazıntı sahəsinin şimal-qərb tərəfində uzunluğu 6,8, eni 3,1m, qalınlığı 8-10 sm olan əhəngli qat - döşəmə qalığı aşkarlanmışdır.

2009-cu ilin ilin çöl–tədqiqat mövsümündə Azərbaycan arxeologiyasında yeni bir ənənənin təməli qoyulmuş, arxeoloji qazıntılar zamanı üzə çıxarılan, uçmaq təhlükəsi qarşısında olan tikililərin konservasiya işlərinə başlanmışdır. İlk olaraq bu işlər daha güclü dağıntıya məruz qalan, təcili konservasiyasına ehtiyac duyulan narınqalanın şərq divarının mərkəzi bürcündə yerinə yetirilib. Bu bürcün qalıqlarının hündürlüyü bünövrədən ciy kərpic hörgüyə qədər 7,7 m-dir. O narınqalanın divarlarının digər hissələrində olduğu kimi çaydaşı, bişmiş kərpic və ağ, puç daşdan istifadə etməklə qarışıq hörgü üsulu ilə inşa olunmuşdur. Hörgünün aşağı cərgələri 1,5-1,6 m hündürlüyə qədər tam salamat qaldığı halda orta hissədə dağıntı olduqca böyük idi. Bəzi yerlərdə uçqun qatının dərinliyi 1 m-dən artıq idi. Bu bürcün hörgüsünün yuxarı cərgələrinin uçmaq təhlükəsini daha da artırırdı. Bunun qarşısını almaq məqsədi ilə koncervasiya işlərinə məhz mərkəzi bürcdə başlanılıb. Konservasiya layihəsinin icraçısı memar Rəsulağa Mirzəyevdir. Narınqalanın şərq divarının mərkəzi bürcü ilə yanaşı V qazıntı sahəsində üzə çıxarılmış tağlı, açırımlı tikilidə də konservasiya işləri aparılıb. Üç tağlı tikilidən ikisinin tağ hissələrində konservasiya işləri aparılıb.

2009-cu ilin çöl tədqiqat mövsümündə tapılan maddi mədəniyyət nümunələri arasında əmək alətləri, silahlar, saxsı qab-qacaq, şüşə, sümük və daş məmulatı, eləcədə bəzək əşyaları vardır. Əmək alətləri arasında dəmir bıçaqlar, balta, çəkic, ərsinlər və bizlərlə təmsil olunub. Bıcaqlara daha çox rast gəlinir. Onlar müxtəlif ölçüdə və formada hazırlanmışdır. Məişətdə işlədilən dəmir alətlərdən ərsinlər də qeyd oluna bilər. Beşbucaqlıya yaxın işlək tərəfi, en kəsiyi oval uzun sapı olan ərsin böyük maraq doğurur.Orta əsr Şəmkir şəhərinin sənət istehsalını öyrənmək üçün çəkic, balta, zərgər zindanln tapılması xüsusi əhəmiyyət kəsb edir.

Silah nümunələri arasında ox ucluqları üstünlük təşkil edir. Onların arasında tipoloji baxımdan yeni nümunələr də vardır. Pəri çəngəl formasında, bel formasında olan ox ucluqları bu qəbildəndir.
Saxsı məmulatı tapıntılar arasında tam üstünlük təşkil edir. Şirsiz saxsı məmulatı təsərrüfat küpləri, sərniclər, güvəclər, qapaqlar, zoomorf qablar, küpələr, çıraqlar, sferokonuslar və s. təmsil olunub. İri tutumlu nehrənin ağız və gövdəsi tapılmışdır. Güvəc qırıqlarının tipoloji zənginliyini qeyd etmək lazımdır. Onların bədii tərtibatına xüsusi diqqət yetirilmişdir. XI-XII əsrlərə aid təbəqədən tapılmış bir güvəc fraqmentində lülək yetkin kişi sifəti formasındadır. Üçayaqlı, yarımkürəvi gövdəsi, içəriyə qatlanmış agzı olan saxsı qabın manqal olması ehtimal edilir.
Erkən şirli saxsı məmulatı əsasən anqob, marqans və yaşıl rənglə naxışlanaraq parlaq qurğuşun şiri ilə şirlənmişdir. Xeyrə tipli iri tutumlu qabın daxili səthini bəzəyən marqansla salınmış burulğanabənzər həndəsi naxış orijinallığı ilə fərqlənir. Divarlarına marqans və mis oksidi ilə qəhvəyi və yaşıl zolaqların növbələşməsindən ibarət naxış salınmış kasa və piyalələr də IX-X əsrlərdə geniş yayılmışdı. Anqobla naxışlanaraq yaşıl şirlə şirlənmiş qabların bədii işlənməsində astral naxışlara daha çox müraciət olunması diqqəti çəkir. Altıguşəli ulduz, çərxi- fələk, svastika populyar motivlər idi. Erkən polixrom şirli saxsı məmulatı arasında anqob üzrə yaşıl, sarı və bənövşəyi rənglərlə işlənmiş nüsxələr bədiiliyi ilə fərqlənirlər.
X əsrdə meydana çıxan qrafik naxışlı monoxrom şirli saxsı məmulatı XI əsrdən geniş yayılır. Onların bədii tərtibatında həndəsi naxışlar, xüsusilə spiralşəkilli naxışlar geniş tətbiq olunurdu. XI-XII əsrlərin şirli saxsı məmulatı arasında yerliyi qazıb naxış işləmələrini üzə çıxarmaq üsulu ilə bəzədilmiş nümunələr yaşıl və ya sarı şirlə şirlənib. Onların bədii işlənməsində nəbatı naxışlara üstünlük verilib. XI-XIII əsrlərin polixrom şirli saxsı məmulatı naxış motivlərinin zənginliyi, rəng çalarlarının əlvanlığı və parlaqlığı ilə seçilir. Onların bədii tərtibatında həndəsi, nəbati və təsvir motivləri uğurla tətbiq olunurdu. Üzərində süjetli səhnə olan boşqaba diqqət yetirək. Qabın üzərində bir əlində qılınc, digər əlində qalxan tutmuş süvarinin fantastik varlıq - əjdaha ilə vuruşması təsvir olunub. Süvari təsviri stilizə olunmuşdur.
Yerliyi qazaraq naxış işləmələrini üzə çıxarmaq üsulu ilə bəzədilmiş polixrom qab fraqmenti də yüksək bədii ilə diqqəti çəkir. Kompozisiyanın mərkəzində qönçə və onu əhatə edən qıvrılan budaqlardan ibarət dairəvi xonça durur.
VI qazlntı sahəsindən XI-XII əsrlər təbəqəsindən dəst halında 26 şirli saxsı duzqabının tapılması da diqqəti çəkir. Onlardan on beşi firuzəyi, on biri isə marqans şiri ilə şirlənib.
Tapıntılar arasında fayans qab nümunələri də az deyil. Onların arasında həm yerli, həm də gətirilmə nümunələr vardır. Yerli fayans qabların bədii işlənməsində cızma, qəlibdəbasma, oyma naxışçəkmə üsullarından, ağ, süd rəngi, mavi, firuzəyi, göy, bənövşəyi rəngdə şirdən istifadə edilib. Pişik formasında hazırlanmış zoomorf qab fraqmenti firuzəyi şirlə şirlənib və diqqətəlayiq tapıntılardandır..
Şüşə məmulatı qrafin, ətir qabı, piyalə və stəkan tipli qab qırıqları ilə təmsil olunmuşdur. Şəffaf, yaşıl çalarlı üç ayaqlı kiçik tutumlu qab qırığı formasının orijinallığı ilə seçilir. III qazıntı sahəsindən pəncərə şüşələri qırıqlarınin tapılması böyük elmi əhəmiyyət kəsb edir. Onlar diametri təxminən 15-18 sm olan diskşəkilli, mərkəzində kiçik konusvarı qabarıqlılığı olan formaya malik olmuşdur. Kənarları səliqə ilə qatlanaraq yapışdırılmışdır. Saya nümunələrlə yanaşı bəzəkli, həndəsi naxışlı nümunələrə də rast gəlinir. Bunu da qeyd edək ki, III qazıntı sahəsinin 38 F kvadratından şüşə istehsalı ilə bağlı çıxar qalıqları da tapılmışdır. IV qazıntı sahəsində isə IX-X əsrlər təbəqəsində istehsal prosesində deformasiyaya uğramış xeyli şüşə bilərzik nümunələri tapılmışdır.
Arxeoloji qazıntılardan əldə olunmuş memarlıq bəzəyi arasında üzərində ulduz təsviri olan beşkünclü üzlük kərpici, həndəsi və epiqrafik dekora malik gəc oymaları göstərmər olar. Üzərində insan əlinin əksi olan bişmiş kərpic nümunələri də maraqlı tapıntılardandır.
Dəmir inşaat materiallarından mıxlar, bərkidicilər, ilışgələr, daha çox tapılır.
Tapıntılar arasında bədii işlənmiş daş məmulatı da vardır. Mərmər cinsli daş lövhə yüksək bədiiliyi ilə fərqlənir. Onun üst və arxa tərəfinə incə zövqlə naxış salınıb.
Bəzək əşyaları bilərzik, üzük, sancaq, muncuq, asma, düymə və s. əşyalarla təmsil olunub.
Epikrafik tapıntılar əsasən gəc üzrə oyma üsulu salınmış kitabələrin fraqmetləridir. Onlardan bişmiş kərpicə vurulmuş gəc üzərində həkk edilmiş kitabə daha çox maraq doğurur. Kitabədə ərəb dilində “...hakimiyyət Allaha məxsusdur...” sözləri yazılıb. Kitabəni AMEA müxbir üzvü Məşədi xanım Nemət oxuyub.

Beləliklə, III-VI qazıntı sahələrində 2009-cu ildə aparılan arxeoloji qazıntı işləri orta əsr Şəmkir şəhərinin istehkam tikililərini, xüsusilə narınqala divarlarını səciyyələndirməyə imkan vermiş, yaşayış evlərini, memarlıq bəzəyini, su təchizatı sistemini, təsərrüfat məişətini öyrənmək baxımından maraqlı faktik materiallar əldə edilmişdir. |